2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib

Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

Bu barədə təşkilat məlumat yayıb.

“Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir. İddiaçı (Azərbaycan-red.) Ermənistanın həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirdiyini və nifrəti qızışdırdığını bildirir, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələrdən istifadə və irqçi təbliğat hökumət səviyyəsində aparılır”, – məlumatda deyilir.

Azərbaycan tərəfi əlavə edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.

Müraciətdə məqsəd Ermənistanı konvensiyaya uyğun olaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsinə məcbur etməkdir. Bununla yanaşı, azərbaycanlıları Ermənistanın davam edən davranışının səbəb olduğu zərərlərdən qorumaqdır. Belə olan təqdirdə Azərbaycan məhkəmədən təcili olaraq müəyyən müvəqqəti tədbirlər görülməsini xahiş edir.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bir neçə gün bundan əvvəl ölkəmiz tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyini bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər