Azərbaycan Gürcüstana qarğıdalı ixracına başlayıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, bu il ölkədə 32,9 min hektar qarğıdalı əkilib. Ötən illə müqayisədə bu il qarğıdalı əkini 4,1 faiz çox olub.
İstehsal olunan məhsula gəlincə, 2018-ci ildə Azərbaycanda 247,9 min ton dən üçün qarğıdalı istehsal olunub. Ölkə üzrə orta məhsuldarlıq hektara 57,7 sentner olub. Məlumata görə, bu ilin 7 ayı ərzində isə 3 min hektar sahədən 14,4 min ton qarğıdalı yığılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. Yığım bu il hektara 47,9 sentner olub.
Nazirlikdən daha sonra qeyd edilib ki, Azərbaycan artıq xaricə də qarğıdalı ixracına başlayıb. Belə ki, bu il ölkəmizdən Gürcüstana 0,9 ton qarğıdalı göndərilib. Gələcəkdə bu məhsulun ixrac coğrafiyasının genişlənməsi üçün münbit şərait var.
Qeyd edək ki, son 20 ildə Azərbaycan Dövlət Aqrar Universitetinin taxıl və paxlalı bitkilər laboratoriyasının təcrübə sahəsində qarğıdalı bitkisi üzərində çarpazlaşma və seçmə işi aparılaraq həm yüksək nəticələr əldə olunub, həm də genefond daha da zənginləşdirilib. Universitetdə aparılan elmi-tədqiqat işləri nəticəsində 2011-ci ildə ilk dəfə rayonlaşdırılmış “ADAU-80” yeni qarğıdalı sortu alınıb. Hazırda həmin sort respublikanın bir çox rayonlarında və fermer təsərrüfatlarında geniş şəkildə becərilir. Bu sort istər məhsuldarlığına, istərsə də yaşıl kütlə kimi istifadəsinə görə nəinki yerli, həm də xaricdən gətirilən sortlardan çox üstündür.
Aqrar Universitetdə aparılan geniş elmi-tədqiqat işləri nəticəsində əldə olunan başqa bir sort – “Gəncə” 2014-cü ildən rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib. Eyni zamanda, “Məhsuldar” adlı yeni qarğıdalı sortu da dövlət standartından müvəffəqiyyətlə keçib.
©Trend