Azərbaycan ilə Çin Xalq Respublikası arasında nəqliyyat üzrə işçi qrupunun yaradılması ilə bağlı ölkədə səfərdə olan Çin nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında aparılan ikigünlük müzakirələrin yekunlarına dair protokol imzalanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, sənədi Azərbaycan nazirinin müavini Elmir Vəlizadə, Çin tərəfindən Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin Baş direktoru Xu Yahua imzalayıb.
Protokolda “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalarında TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviq edilməsi, Mərkəzi Dəhliz ilə konteyner daşımalarına Çin əyalətləri tərəfindən subsidiyaların ayrılması, Çinin nəqliyyat və logistika operatorları tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadənin genişləndirilməsi, həmçinin Azərbaycan və Çin hökumətləri arasında baxılmaqda olan beynəlxalq avtomobil daşımaları, kombinə edilmiş yükdaşımaları haqqında Saziş layihələrinin imzalanması üzrə zəruri tədbirlərin sürətləndirilməsi məsələləri öz əksini tapıb.
©APA-Economics