“İlin sonuna kimi Avropaya qaz tədarükümüzün 10 milyard kubmetrdən çox olacağı gözlənilir”.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.
Həmçinin Energetika Nazirliyindən Banker.az-a verilən məlumata görə, Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda Nazirlərin Dəyirmi Masasında iştirak edən nazir Pərviz Şahbazov belə deyib: “İndiyədək TAP vasitəsilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib. Cari ilin ilk dörd ayında Avropaya tədarük edilən 3,5 milyard kubmetr Azərbaycan qazının 3,1 milyard kubmetri İtaliyanın, 0,3 milyard kubmetri Yunanıstanın, 0,1 milyard kubmetri isə Bolqarıstanın payına düşüb. Hazırkı ixrac tempi ilə Avropaya qaz tədarükümüzün ilin sonuna kimi 10 milyard kubmetrdən çox olacağı gözlənilir”.