2020-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 10430,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.8% az vəsait yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15.2 % artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14.1% azalıb. İstifadə olunmuş vəsaitin 6995,8 milyon manatı və ya 67.1%-i məhsul istehsalı sahələrinə, 2492,0 milyon manatı (23.9%-i) xidmət sahələrinə, 942,4 milyon manatı (9%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59.9%, büdcə vəsaitləri 22.3%, bank kreditləri 6.5%, əhalinin şəxsi vəsaitləri 6.1%, sair vəsaitlər 3.4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1.8% təşkil edib. Belə ki, illik müqayisədə əsas kapitala yönəldilmiş sərmayədə bank kreditləri 0.8% azalıb.
Ötən ilin müvafiq dövründə isə əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57.5%, büdcə vəsaitləri 26.9%, bank kreditləri 7.3%, əhalinin şəxsi vəsaitləri 6.6%, büdcədənkənar fondların vəsaitləri 1.5%, sair vəsaitlər isə 0.2% təşkil edib.