Ötən ilin sonunda “Gəncə Cihazqayırma Zavodu” ASC SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 2 000 yerli istehsalı olan qaz sayğacı təqdim edib.
Bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sayğaclar “Azəriqaz” və “Gəncə Cihazqayırma Zavodu” arasında 2021-ci ilin noyabrında imzalanmış memorandum çərçivəsində təqdim olunub.
“Hazırda təqdim olunan qaz sayğacları “Azəriqaz” İstehsalat Birliyinin metrologiya departamentinin sınaq qurğularından keçirilir, yoxlanılır”, – Rövşən Məhyəddinov qeyd edib.
Onun sözlərinə görə, əlavə olaraq bu sayğacların müxtəlif iqlim şəraitlərində, müxtəlif regionlarda və müxtəlif sərfiyyat üzrə quraşdırılması və sınaqdan keçirilməsi də nəzərdə tutulub.