Azərbaycan Mərkəzi Bankı bank sistemində izafi likvidliyin artdığını açıqlayıb.
Banker.az AMB-nin açıqlamasına istinadən xəbər verir ki, məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) 2026-cı ilin birinci yarısının sonuna 6 milyard manata çatıb. Bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 2,1 dəfə artıb.
Mərkəzi Bank bildirib ki, struktur likvidlik profisitinin artması bankların kreditvermə potensialının kifayət qədər yüksək olduğunu göstərir.
Açıqlamada qeyd olunur ki, likvidliyin idarə edilməsi məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. İyun ayının sonuna bu əməliyyatların açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelində payı 84,3% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bank notlarının yerləşdirilməsi üzrə müntəzəm hərracların davam etdirildiyini və son üç ay ərzində bütün müddətlər üzrə notların gəlirliliyində, eləcə də gəlirlilik əyrisinin orta və uzunmüddətli hissələrində azalma müşahidə olunduğunu bildirib.
Mərkəzi Bankın sədri Taleh Kazımovun AZTV və APTV-yə birgə müsahibsəsində açıqlamalarına görə, bank sektorunda yüksək likvidlik kreditləşmə üçün kifayət qədər imkan yaradır və biznes kreditlərinin inkişafı baxımından prudensial tələblər məhdudlaşdırıcı xarakter daşımır. O bildirib ki, bankların kredit faizləri əsasən cəlb olunan vəsaitlərin maya dəyəri, əməliyyat xərcləri, kredit riski və bankın marjası əsasında bazar prinsipləri ilə formalaşır və Mərkəzi Bank onları inzibati qaydada müəyyən etmir.
Kazımov həmçinin qeyd edib ki, hazırda bank sektoru üçün əsas çağırışlardan biri təmərküzləşmənin azaldılması və rəqabətin gücləndirilməsidir. Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə tətbiq ediləcək yeni yanaşmaların sektorda rəqabəti artıracağı gözlənilir.






