1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan marketlərində siqaret qıtlığı yaşanır

Azərbaycanda satış mərkəzlərində tütün məmulatlarının nağd pulla satışı qadağan edilib. Artıq nağd pulla topdan satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda mağazalarda siqaret qıtlığı müşahidə olunur. Xüsusilə kiçik marketlər vəziyyətdən istifadə edib tütün məhsullarını süni şəkildə bahalaşdırıblar.

“Rahat” marketlər şəbəkəsindən bildirildi ki, siqaretlərin satışında yaranan qıtlıq rəsmi ödənişə keçidlə bağlıdır:

“Bizim marketlər şəbəkəsində qıtlıq müşahidə edilmədi. Ümumiyyətlə böyük şəbəkələr üçün bank hesablaşmaları çətin deyil. Kiçik marketlər yeni qayda ilə bağlı problem yaşayırlar”.

Məlum oldu ki, siqetlərin alışı proseduru 1 həftəyə başa gəlir.

“Araz” supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev dedi ki, siqaretin satışı ilə bağlı problem yoxdur: “Vətəndaşlar istədikləri qədər siqaret ala bilərlər”.

Məsələ ilə bağlı kiçik marketlərin də mövqeyini öyrəndik. Qeyd etdilər ki, topdan satışla məşğul olan mərkəzlər artıq bir müddətdir siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə satırlar. Siqareti o sahibkarlar ala bilir ki, onların VÖEN əsasında bank hesabı var. Bu imkan isə əksər mağazalarda yoxdur.

Xatırladaq ki, Azərbaycan prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanına əsasən 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunub. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq. Belə ki, siqaret və alkoqollu içkilərin satışına görə, cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər