-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və AİB əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovla görüşüb.

Görüşdə nazir Azərbaycanın AİB-lə əməkdaşlığa önəm verdiyini, Bankın Azərbaycanda bir sıra layihələrin reallaşdırılmasına dəstək göstərdiyini vurğulayıb. Bildirilib ki, indiyədək AİB tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrə 5,2 mlrd. dollardan çox kredit ayrılıb.

Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında fəal iştirak edir. Bankın hazırladığı “Azərbaycan: daha şaxələnmiş, dayanıqlı və əhatəli inkişafa doğru” tədqiqat sənədi ölkəmizin iqtisadi inkişafı üzrə bir sıra önəmli məsələləri əhatə edir. Qeyd edilib ki, AİB-lə Layihə Hazırlığı Maliyyələşdirmə Aləti çərçivəsində, həmçinin yüksək texnologiya və innovasiya, təhsil, kiçik və orta biznesin inkişafı, dövlət-sahibkar tərəfdaşlığı, vergi siyasəti, irriqasiya və digər sahələr üzrə layihələrin icrası istiqamətində əməkdaşlıq faydalı ola bilər.

Azərbaycanın inkişaf prioritetlərindən danışan Mikayıl Cabbarov iqtisadi islahatlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib, AİB-lə İqtisadiyyat Nazirliliyi və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov ölkədəki fəaliyyətindən məmnunluğunu ifadə edərək, Azərbaycan-AİB əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, Bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər