zərbaycana səfərə gəlmiş Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.
Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Azərbaycan-Serbiya əlaqələrinin strateji xarakter daşıdığını, iki ölkənin dövlət başçılarının bu əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını vurğulayıb. 2013-cü ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əlaqələrin inkişafına imkan yaratdığını deyib. Ticarət və iqtisadi əməkdaşlığın yüksələn xətlə davam etdiyini, ticarət dövriyyəsində ildən-ilə artımın olduğunu, 2021-ci ilin yanvar-may aylarında da bu artımın 55,39 faiz təşkil etdiyini qeyd edib.S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın işğalından azad edildiyini diqqətə çatdırıb. Erməni təcavüzünün ağır nəticələri barədə məlumat verən nazir işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə aparılan böyük quruculuq işləri barədə məlumat verib. Həmin ərazilərin bərpası və yenidən qurulması prosesində dost ölkələrin iştirakının da ölkəmiz üçün prioritet olduğunu bildirib.
Azərbaycanın sosial müdafiə sistemindən bəhs edən S.Babayev ölkəmizdə sosial ödənişlərin artırılması, aktiv məşğulluq və sosial müdafiə proqramlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Dövlət sosial xidmətlərinin innovativ yeniliklərin tətbiqi üzərində keyfiyyətinin yüksəldilməsi, proaktiv xidmətlərin qurulması istiqamətində əldə olunan nailiyyətləri qeyd edib. Pandemiya dövründə ölkəmizdə reallaşdırılan iqtisadi və sosial dəstək tədbirlərini diqqətə çatdırıb.
Serbiya ilə əmək, məşğulluq, sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələri üçün böyük potensialın olduğunu vurğulayan nazir artıq bu sahədə qarşılıqlı fayda verəcək əməkdaşlıq sənədlərinin layihələrinin hazırlandığını qeyd edib.
D.K.Tepavçeviç Serbiyanın Azərbaycana olan dost münasibətini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olmasının məmnunluq doğurduğunu vurğulayıb. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verdiyini, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirib. D.K.Tepavçeviç əmək, məşğulluq və sosial müdafiə sahəsində iktərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını deyib.
Görüşdə Serbiyanın sosial sahədə islahatlar təcrübəsi barədə məlumat verilib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”inin layihələri müzakirə olunub.
Həmçinin hərbi əməliyyatlar zamanı xəsarət almış şəxslərin, xüsusi qayğıya ehtiyac duyan uşaqların reabilitasiyası sahələrində görülən işlərə dair qarşılıqlı məlumat mübadiləsi olub.
Görüşün yekunu olaraq “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” imzalanıb.
Keçirilən birifinqdə S.Babayev və D.K.Tepavçeviç imzalanan sənədin Azərbaycanla Serbiya arasında əlaqələrin artıq əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməklə daim genişlənməsinin növbəti bariz ifadəsi olduğunu vurğulayıb, qarşılıqlı faydalı əməkdaşlıq, uğurlu təcrübə mübadilələri üçün əsas yaratdığını vurğulayıblar.