Azərbaycanda kommersiya banklarının əhaliyə satdığı ABŞ dollarının həcmi 2017-ci ilin aprel ayından bu tərəfə ən aşağı həddə düşüb. İndi əhali banklara dollar satır.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2021-ci ilin iyun ayı ərzində banklar əhaliyə cəmi 76.73 mln. ABŞ dolları satıb. Bu da öncəki ayla müqayisədə 4.2% azalma deməkdir.
Əvəzində isə ABŞ dollarının banklar tərəfindən əhalidən alınması artıb. Məsələn, may ayında əhalidən 99.01 mln. ABŞ dolları aldığı halda, bu rəqəm iyunda 30% artımla 128.46 mln. manata yüksəlib.
Əhalinin dollarlarını banklara qaytarması səbəbindən orta ölçüdə mübadilə məzənnəsi son bir ayda 1.6987 USD/AZN-dən, 1.6977 USD/AZN-ə düşüb. Xatırladaq ki, AMB-nin lövbər məzənnəsi ilə rəsmi olaraq 4 ildir ki, 1 dollar 1.7000 manatdır.
Bankların nağd avro alışları isə artıb. 2021-ci ilin mayında banklar tərəfindən əhaliyə 7.45 mln. avro satıldığı halda, iyunda bu rəqəm 18.64 mln. avroya yüksəlib. Əhalidən avro alışının həcmi mayda 5.83 mln. olduğu halda, iyunda 6.22 avroya yüksəlib.