10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda əhalinin pensiya alacaqları kartla bağlı daha bir yenilik tətbiq olunacaq

Azərbaycanda banklar arasında rəqabətin gücləndirilməsi üçün sosial pensiya ödənişlərində əhaliyə bank seçimi etmək imkanı veriləcək.

Bu barədə «Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası»nda nəzərdə tutulub. Sözügedən sənəd prezident İlham Əliyev tərəfindən iyulun 22-də təsdiqlənib və ölkənin sosial iqtisadi sahədə müxtəlif istiqamətlərdə inkişafını nəzərdə tutur. 

Sənəddə maliyyə və bank sisteminin inkişafı üçün hədəflər və bununla bağlı görüləcək işlər də əks olunub.

Belə ki, sənəddə bildirilir ki, 2022─2026-cı illərdə bank sektorunun iqtisadiyyatın maliyyələşməsində iştirakı yüksəldiləcək, maliyyə inklüzivliyi genişləndiriləcək, maliyyə xidmətlərinin əlçatanlığı, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanları artırılacaqdır.

Dövlət‒özəl sektor əməkdaşlığı çərçivəsində investor və kreditorların risklərinin sığortalanması sistemi təkmilləşdiriləcək, biznes kreditlərinə təminatların verilməsi mexanizminin əhatəliliyi genişlənəcəkdir.

Maliyyə xidmətlərinin rəqəmsallaşması fonunda əhali və biznesin investisiyalar və İKT sahəsində savadlılığı artırılacaqdır.

Dayanıqlı iqtisadi artımın təmin olunmasında maliyyə sekrorunun rolunun gücləndirilməsi üçün ölkədə uzunmüddətli kollektiv investorlar şəbəkəsinin yaradılması stimullaşdırılacaq, sığorta və korporativ qiymətli kağızlar bazarı dərinləşdiriləcəkdir.

Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcəkdir.

Eyni zamanda, sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsi, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstlik təmin ediləcəkdir.

Bu əsasda maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı yaxşılaşacaq, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 25% artacaq, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55%-ə çatacaqdır.

Son xəbərlər
Digər xəbərlər