Səngəçal terminalından neft ixracı 8.5% azalıb

2026-cı ilin ilk yarısında Səngəçal terminalından təxminən 97 milyon barel neft və kondensat ixrac edilib. Bu həcmin tamamı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunub.

Banker.az bunu “BP Azərbaycan”ının rüblük hesabatına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə terminaldan 106 milyon barel neft və kondensat ixrac edilmişdi. Beləliklə, illik müqayisədə ixracın həcmi 9 milyon barel və ya 8,5% azalıb.

Terminalın hazırkı texniki emal gücü gündəlik 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üzrə isə təxminən 81 milyon standart kubmetrdir. AÇG-nin səmt qazı da nəzərə alınmaqla terminalın ümumi qaz emalı və ixrac gücü gündəlik təxminən 100 milyon standart kubmetr təşkil edir.

Səngəçal terminalından 2026-cı ilin ilk yarısında gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr Şahdəniz qazı göndərilib. Ötən ilin eyni dövründə də bu göstərici təxminən 74 milyon standart kubmetr olub.

Bu arada, “BP Azərbaycan” bildirir ki, 2026-cı ilin ilk yarısında 230 milyon dollar dəyərində Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər əsas tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçib.

Layihənin birinci mərhələsi üzrə əsas avadanlıqların terminala çatdırılması başa çatıb, quraşdırma və dövlət elektrik şəbəkəsinə ilk qoşulmaya hazırlıq işləri davam edir. İlk qoşulmanın 2026-cı ilin üçüncü rübündə həyata keçirilməsi planlaşdırılır.

STEL çərçivəsində terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulması üçün yeni 220/110 kV-luq yarımstansiya və digər infrastruktur yaradılır. Layihənin birinci mərhələsinin 2027-ci ilin ortalarında, ikinci mərhələsinin isə 2028-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Hazırda terminalın enerji təminatında istifadə olunan 7 qaz turbininin elektrikləşdirmədən sonra mərhələli şəkildə demontaj edilməsi planlaşdırılır. Bu isə hazırda yanacaq kimi istifadə olunan qazın bir hissəsinin ixraca yönəldilməsinə imkan verəcək.

STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq günəş elektrik stansiyası layihəsi ilə də əlaqələndirilib. Mövcud planlara əsasən, iki layihənin birlikdə Səngəçal terminalının gələcək fəaliyyəti nəticəsində yaranan emissiyaları təxminən 50% azaltması gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər