Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “İnstagram” olub.
Bu barədə “StatCounter”in hesabatında bildirilir.
Hesabat dövründə “İnstagram”ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 35,35% təşkil edib. Bu isə aprel ayı ilə müqayisədə 2,87 faiz bəndi və ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,6 faiz bəndi çoxdur.
İstifadəçi sayına görə, ikinci yerdə 20,66% payla “Pinterest” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,3 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz bəndi az olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 18,56% payla “Facebook” olub. Bu, aprel ayı ilə müqayisədə 2,59 faiz bəndi, illik müqayisədə 13,24 faiz bəndi azdır. Qeyd edək ki, bu ilin mart ayında “Facebook”un Azərbaycandakı bazar payı 34,6% təşkil edib.
Ötən ay “YouTube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 1,97 faiz bəndi, illik 4,43 faiz bəndi artaraq 14,57%-a çatıb. May ayında “YouTube” istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.
Ötən ay “X” sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,97 faiz bəndi, illik 2,21 faiz bəndi azaldaraq 6,32%-lə beşinci yerdə dayanıb.
İstifadəçi sayına görə, altıncı yeri isə 1,85% payla “LinkedIn” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,35 faiz bəndi, illik 0,98 faiz bəndi artırıb.