Azərbaycan Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti çərçivəsində keçirilən audit tədbirləri zamanı bir qayda olaraq vergi agenti qismində digər vergi ödəyicilərinə həyata keçirilən ödənişlərdən hesablanmış (tutulmuş) vergi məbləğlərinin həmin vergi agentinin özünə məxsus olan vergitutma obyektlərindən hesablanmış öhdəlikləri üzrə artıqödəmə məbləğləri ilə əvəzləşdirilməsi halları aşkar olunub. Bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə bildirilib.
Təkliflər paketində nəzərə alınması tövsiyə edilir ki, müəyyən edilmiş əksər hallar üzrə şəxsi vərəqədəki artıqödəmə məbləğləri vergi agenti tərəfindən dövlət büdcəsinə həyata keçirilmiş ödənişlər hesabına deyil, alınmış mallar (işlər, xidmətlər) üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi hesabına yaranıb: “Audit tədbirləri ilə aşkar olunmuş hallar, həmçinin onu deməyə əsas verir ki, vergi agenti tərəfindən ödəmə mənbəyində tutulmuş vergilərin, faktiki olaraq, dövlət büdcəsinə ödənilməməsi həmin vergi məbləğlərinin (vergi agenti mənfəət (gəlir) vergisinin ödəyicisi olduqda isə, eyni zamanda, ümumi gəlirdən çıxılmalara aid edilmiş vergi məbləğlərinin) dövriyyə vəsaiti kimi istifadə olunması ilə nəticələnir. Halbuki, Vergi Məcəlləsinin 150.2-ci maddəsinə əsasən, vergi agentləri verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Eyni zamanda, vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin, müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar”.
Bu baxımdan gəlirlərindən ödəmə mənbəyində vergiləri tutulmuş vergi ödəyicilərinin həmin vergi öhdəliklərinin yerinə yetirilməsinin təsdiq olunmasının təmin olunması, bununla da, vergi intizamının daha da gücləndirilməsi, eləcə də dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması və icrası mərhələlərində tədiyyə növləri səviyyəsində potensial mənbələrin tam həcmdə səfərbər olunması məqsədilə vergi ödəyicisi tərəfindən vergi agenti kimi digər vergi ödəyicilərinin gəlirlərindən hesablanmış (tutulmuş) vergi məbləğlərinin, həmin vergi ödəyicisinin özünə aid vergitutma obyektləri üzrə öhdəliklərindən yaranmış artıqödəmə məbləğləri ilə əvəzləşdirilməsinin qarşısının alınması təklif olunur.
Qeyd olunanları nəzərə alaraq, Vergi Məcəlləsinə aşağıdakı məzmunda 150.5-ci maddənin əlavə olunması məqsədəmüvafiq hesab edilir:
“150.5. Bu Məcəlləyə uyğun olaraq ödəmə mənbəyində tutulmuş vergi məbləğləri bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə artıq ödəmə məbləğləri ilə əvəzləşdirilə bilməz”.
Qeyd edək ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi agentinə vergi agenti tərəfindən vergiləri ödəmə mənbəyində tutulmuş vergi ödəyiciləri üzrə vergi öhdəliklərinin ayrı-ayrı vergitutma obyektlərindən hesablanmasına baxmayaraq həmin öhdəliklərin və dövlət büdcəsinə ödənişlərin uçotu vergi orqanları tərəfindən şəxsi vərəqədə avtomatlaşdırılmış rejimdə vahid şəkildə aparılır.
Report