-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 100 Faiz Çin Kapitallı Keramik plitələr istehsalı müəssisəsinin təməli qoyuldu

Azərbaycanda “Vanhong Ceramics Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin keramik plitələr istehsalı müəssisəsinin təməli qoyulub.

Banker.az xəbər verir ki, Müəssisənin təsisçisi Fan Jian Shan Prezident İlham Əliyevə layihə barədə məlumat verib.

Bildirildi ki, layihəyə əsasən Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sənaye Parkının 22,8 hektar ərazisində keramik plitələr istehsalı müəssisəsi inşa olunacaq. Müəssisədə Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələr istehsal ediləcək. Müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.

Məlumat verildi ki, 100 faiz Çin kapitallı layihənin investisiya dəyəri 70 milyon manata yaxındır. İllik istehsal gücü 18,5 milyon kvadratmetr keramik plitə olan müəssisədə 400 nəfər daimi işlə təmin olunacaq.

Müəssisənin təsisçisi Fan Jian Shan dedi: Bizim şirkət 1992-ci ildə yaradılıb və hazırda Çində 5 zavodumuz və dünyanın 5 ölkəsində zavodlarımız fəaliyyət göstərir. Müəssisələrimizin ümumi investisiya dəyəri 300 milyon ABŞ dollarıdır. Zavodlarımızda çalışan işçilərin sayı 4 min nəfər təşkil edir. Zavodlarımızın illik ümumi istehsal gücü 80 milyon kvadratmetrdir və ümumi illik gəliri isə 400 milyon ABŞ dollarıdır.

Prezident İlham Əliyev: Çox yaxşı. Mən gördüm ki, siz Çindən kənarda cəmi 4 ölkədə müəssisə qurmusunuz. Azərbaycan beşinci ölkədir. Dediyiniz kimi bu onu göstərir ki, Azərbaycanda investisiya iqlimi çox yaxşıdır. Burada 400 nəfər işləyəcək, yaxşı maaş alacaq. İnvestisiyaların həcmi də kifayət qədər böyükdür – 70 milyon manata yaxındır. Amma bu, hələ birinci mərhələdir. Əminəm ki, siz fəaliyyətinizi bundan sonra digər sahələrdə də genişləndirəcəksiniz.

 

 

 

Son xəbərlər
Digər xəbərlər