10 C
Baku
Wednesday, December 11, 2024

“Azərbaycanda 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 %-ə çatıb”

Azərbaycanda maliyyə texnologiyalarının və bu sahədə idarəetmənin təkmilləşdirilməsi zəruridir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Fintech Summit” – Maliyyə və Texnologiyalar Sərgisində bildirib.

“Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz və Mərkəzi Asiya regionu üçün hazırladığı sənəddə deyilir ki, idarəetmə, tənzimləmə və bazarın liberallaşdırılması daxil olmaqla struktur islahatları tam sürətlə aparılsa ortamüddətli perspektivdə Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artım 5-7 % sürətlənə bilər. Bu mənada maliyyə texnologiyalarının və bu sahədə idarəetmənin təkmilləşdirilməsi zəruridir. Rəqəmsal ödənişlərin qlobal əməliyyat dəyərinin 2023-cü ilin sonuna qədər 6.7 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu arada Azərbaycanda 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 %-ə çatıb”, – deyə o qeyd edib.

V.Qasımlı həmçinin deyib ki, süni intellekt 100 milyardlarla dollar əlavə dəyər yaradacaq: “Biz həmçinin robo məsləhətçilərdən istifadəyə də üstünlük verməliyik. Hesablamalara görə, hazırda robo məsləhətçilər 2.76 trilyon ABŞ dolları aktivi idarə edir. Rəqəmsallaşma dedikdə həm də biometrik tanınmanı da nəzərə almaq lazımdır. Hesablamalara görə, biometrik tanınma 8.5 milyard dollara çatacaq. Hesab edirəm ki, Azərbaycanda maliyyə texnologiyalarının inkişafı üçün süni intellekt, maşın öyrənməsi, robo-məsləhətçi, açıq bankçılıq, biometrik tanınma, əşyaların interneti ödənişləri, şəxsi maliyyə idarəetməsi kimi qlobal trendlərə uyğun siyasət həyata keçirilməlidir”.

“Hazırda ölkə prezidentinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət deməyə imkan verir ki, maliyyə sektorunda müasir texnologiyalardan istifadə genişlənəcək. Azərbaycan dövləti 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsində həm də milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün siyasət həyata keçirir. Qəbul edilmiş strategiyaya əsasən kapital bazarının inkişaf mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək, real sektorun və sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi mexanizmləri gücləndiriləcək. Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcək. Bu əsasda maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı yaxşılaşacaq, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 2026-cı ildə 25 % artacaq, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55 %-ə çatacaq”, – deyə V.Qasımlı əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər