-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 92 vəzifəli şəxs işdən çıxarılıb

2018-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məqaləasində bildirib. Məqalədə vurğulanıb ki, bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol verən, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşan, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməyən vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb. Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib.

Qeyd olunub ki, yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib.

“Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olmuş müraciətlərin sayında artım vardır. Ən çox artım Bakının Binəqədi, Xəzər, Qaradağ rayonlarında, Gəncə, Yevlax şəhərlərində, Ağcabədi, Ağdam, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gədəbəy, Xızı, Qazax, Qəbələ, Qobustan, Lerik, Saatlı, Şabran, Şuşa, Tovuz, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlarda qeydə alınmışdır. Bununla belə, bəzi şəhər və rayon icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalmışdır. Azalma daha çox Bakı şəhəri və onun Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan Muxtar Respublikasının rayonlarında, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Quba, Qubadlı, Laçın, Masallı, Sabirabad, Samux, Ucar, Zərdab, digər şəhər və rayonlarda nəzərə çarpır”.

Son xəbərlər
Digər xəbərlər