-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda devalvasiya zərərlidir. Niyə?

Hər ilin sonu yaxınlaşanda və ya dünya bazarlarında neft ucuzlaşanda Azərbaycanda devalvasiya söhbətləri gündəmə gəlir. 2015-ci ildə 2 dəfə devalvasiyanın şahidi olmuş vətəndaşlarımız bu sözün ağırlığını hələ də unutmayıblar. Bankların 1/3-i sıradan çıxdı, əmanətçilərin, şirkətlərin vəsaitlərinin bir hissəsi batdı, qiymətlər bahalaşdı. Əhalinin dollar kreditlərinə görə itkiləri dövlətin dəstəyi ilə kompensasiya olunsa da sahibkarların iki dəfədən çox artmış kredit yükü hələ də həll olunmamış qalır.

Banker.az bildirir ki, bununla bağlı şərh verən iqtisadçı ekspert Samir Əliyev devalvasiyanın iqtisadiyyata zərəri xeyrindən daha çoxdur.

“İndi devalvasiya söhbəti yenidən ortaya çıxıb. Çünki gələn il gözləntilərin əksinə olaraq pandemiya problemi çözülməzsə iqtisadiyyatlar yenidən qapanmaya məcbur olacaqlar. Bunun isə fəsadları aydındır: neftin ucuzlaşması fonunda büdcə gəlirləri kəskin azalır, karantin tədbirləri nəticəsində bir tərəfdən vergi və gömrük rüsumlarının azalması, digər tərəfdən sahibkarlara və əhaliyə maliyyə yardımları büdcə yırtığını böyüdür. Üstəgəl işğaldan azad olunmuş ərazilərin bərpası az olmayan əlavə vəsait tələb edir. Hökumət kəsirin daxili və xarici borclanma hesabına örtülməsini planlayır”.

Ekspert feysbuk hesabında bununla bağlı iki sualın ortaya çıxdığlnı yazır: Devalvasiya çıxış yoludurmu? Və yaxud sualı başqa formada təqdim etmək istəyirəm. Devalvasiya etsək faydası çox olacaq yoxsa zərəri?

“Sualın qoyuluşundan asılı olmayaraq bir məsələni özümüz üçün dəqiqləşdirməliyik. Devalvasiya olacaqsa onun səviyyəsi nə qədər olmalıdır? Tutaq ki, 10%-lik devalvasiyanı optimal saymaq olarmı? Bəs 30%-i necə? Bəlkə bir az da artırıb 50% edək? Göründüyü kimi makroiqtisadi fəsadlarını müəyyənləşdirmədən devalvasiyanın optimal səviyyəsi haqqında fikir bildirmək düzgün deyil.

İlk öncə qeyd edim ki, bu gün zamanlama məsələsi də çox aktualdır. Yəni istənilən addımı düzgün zaman kəsiyində atılması onun faydasını daha da artırır və ya tələskənlik faydanı heç endirə bilər. Bunu devalvasiya barədə də demək olar. Fikrimcə, bu gün devalvasiya olmaması daha münasibdir. Niyə belə düşünürəm? Devalvasiyanıın müsbət və mənfi tərəflərini sadalamaq olar. Ancaq bu zaman tərəzinin hansı gözünün ağır gəlməsi daha vacibdir. İndiki halda ağır gələn tərəf devalvasiyanın zərərləridir. Heç kimə sirr deyil ki, Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin milli valyutanın məzənnəsindən asılılığı çox yüksəkdir. Əsas səbəb idxaldan yüksək asılılığlmızdır. Manatın dollara münasibətdə dəyəsizləşməsi daxili bazarda istisnasız olaraq qiymətlərin, o cümlədən yerli məhsulların kəskin bahalaşmasını şərtləndirir. Bu isə əhalinin sosial vəziyyətini pisləşdirir. 2015-ci ildən fərqli olaraq əhalinin həssaslığı daha artıb. Gəlirləri son illər azalıb və karantinin iqtisadi zərbəsi isə hələ də kompensasiya olunmayıb”.

İqtisadçı Samir Əliyev devalvasiyanın ilk zərər vurduğu sahənin yenə də maliyyə sektoru olacağını vurğulayır – özü də daha çox bankları. 

Ekspert bankların aktivlərinə və öhdəliklərinə diqqət yetirərək deyir: “Dekabrın 1-i tarixində ölkə üzrə xarici valyutada verilən kreditlərin həcmi 4.4 milyard manat, cəlb edilmiş xarici valyuta depozitlərinin həcmi isə 13 milyard manata bərabərdir. Göründüyü kimi, fərq 8.6 milyard manatdır. 10%-lik devalvasiya kifayət edər ki, bankların əhali və şirkətlər qarşısındakı borcları bir anda 860 milyon manat artsın. Bu, hələ məsələnin bir tərəfidir. Dollar depozitlərinin 1.3 milyard manatı bankların öz puludur. Yəni artıq pulunu digər banka depozit şəklində qoyan bank sabah həmin pulu geri almaqda çətinlik çəkəcək. 6.3 milyard manat həcmində olan tələbolunanadək manat depozitlərinin devalvasiya şoku nəticəsində  banklardan çıxarılma riski artır. Valyuta riskini düzgün idarə etməməyə görə 2015-ci ildə xeyli zərbə alan banklar bu dəfə problemi həll etməyə müvəffəq olublar. Ancaq ölkənin ən böyük və dövlət bankı olan Beynəlxalq Bank hazırda 1 milyard manatdan çox açıq valyuta mövqeyinə malikdir. 10%-lik devalvasiya bərpa prosesində olan bankın borc yükünü 100 milyon manat artıra bilər.

Bankların 4,4 milyard manat həcmində dollar kreditinə malik olması həmin vəsaitin hamısının vaxtında və itkisiz ala bilməsi anlamına gəlmir. Məhz 2015-ci il devalvasiyası dollar kreditlərinin geri qaytarılmasında problemlər yaratdı. Təsadüfi deyil ki, bu dövrdə problemli kreditlərin həcmi 976 milyondan manatdqn 1.6 milyard manat qədər artdı”.

 

İqtisadçı qeyd edir ki, maliyyə sektorunda banklarla yanaşı sığorta şirkətləri də böyük zərbə alır. Vəsaitlərinin milli valyutada yerləşirən sığorta şirkətləri üçün devalvasiya baş verdikdə sığorta ödənişləri artır, bağlanan bankda isə vəsaitləri itir.

“Devalvasiyanın mənfi tərəflərindən biri də xarici borca xidmət xərclərini artırmasıdır. Bu il hökumət və SOCAR birlikdə xaricə 4 milyard manata yaxın borc ödəməlidir. Bunun 2 milyard manatdan çoxu dövlətin payına düşür. Hökumət eyni zamanda daxildən 2 milyard manata qədər borc yığmağı planlaşdırır. Devalvasiya xarici borcu artırmaqla yanaşı daxili borcun cəlbediciliyini azaldacaq. Dövlət şirkətlərinin xarici borcları açıqlanmasa da onların həcminin yüksək olduğunu bilirik. Nəzərə alaq ki, SOCAR istisna olmaqla digrlərinin qazancı manatla, borcları isə xarici valyutadadır. SOCAR-da isə qazancının əsas hissəsi milli valyutada formalaşır. Məsələn, SOCAR hər il xaricə 1 milyard dollardan çox borc ödəyir.

Yekunda qeyd etmək istəyirəm ki, devalvasiyanın baş verməsi maliyyə sektorunu, o cümlədən bankları sırada çıxara bilər. Devalvasiyanın kəskinliyinin artması isə onun dağıdıcılıq qabiliyyətini daha da artırar. Devalvasiyadan sonra Mərkəzi Bank inflyasyanı cilovlamaq üçün pul-kredit siyasətinin sərtləşdirməyə məcbur olacaq. Bunun üçün uçot dərəcələrini artırmaq, pul kütləsini sıxmalı olacaq. Bu isə son aylar iqtisadi aktivliyi minimuma düşmüş biznes üçün arzuolunmaz haldır. Devalvasiyanın sosial-psixoloji fəsadları da ağırdır. Əhalinin milli valyutaya və bank sektoruna, sahibkarların və xarici investorların isə maktroiqtisadi sabitliyə inamını sarsıdır. İxraca dəstəyə gəlincə, devalvasiya xaricə neftdənkənar ancaq meyvə-tərəvəz satmaq gücündə olan iqtisadiyyatımızın ixrac potensialını ciddi artırmağa qadir olmayacaq. Hökumət qarşıdakı ildə manatın məzənnəsinin sabitliyini qorumalıdır. Ancaq əvvəl-axır manatı üzməyə öyrətmək lazım olacaq”.

Son xəbərlər
Digər xəbərlər