Fevralın 17-də Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Niyyət Protokolunun imzalanma mərasimi keçirilib.Niyyət Protokolu təhsil naziri Emin Əmrullayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən imzalanıb.
Banker.az xəbər verir ki, protokolun imzalanmasında əsas məqsəd ümumi təhsil müəssisələri üçün rəqəmsallaşma, innovasiyalar və təhsilin inkişafına töhfə verəcək məsələlərə dair əməkdaşlığın həyata keçirilməsidir.
Bu çərçivədə ilk olaraq Sumqayıt şəhərində yerləşən “İstedad” liseyinin nəzdində “İnnovasiyalar” mərkəzi yaradılacaq. Mərkəzin yaradılması riyaziyyat, informatika, robotiks sahəsində istedadlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiya texnologiyaları üzrə bacarıqlarının, kodlaşdırma qabiliyyətlərinin artırılması, eləcə də şagirdlərin yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır.