22 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda investisiya şirkətləri üçün əmanətlərin sığortalanması mexanizminin analoqu tətbiq olunacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətləri üçün bank əmanətlərinin sığortalanması mexanizminin analoqunu tətbiq etməyi planlaşdırır.

Bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Bakıda Azərbaycanın maliyyə-bank sisteminin nümayəndələri ilə keçirdiyi görüşlərin yekununa dair bildirib.

Qeyd edək ki, 2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentində).

G.Xaydarşina bildirib ki, son 12 ayda Azərbaycan Mərkəzi Bankı yerli bazarın inkişafı və investorların risklərinin azaldılması üçün bir sıra prudensial mexanizmlər tətbiq edib. Bu mexanizmlərə qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin infrastrukturun inkişafı daxildir.

“Bundan başqa, hökumətlə birgə tənzimləmə tədbirləri həyata keçirilir. Xüsusilə, fiziki şəxslərin əmanətləri üzrə gəlirlərə 10 % vergi tətbiq olunub. Əvvəllər bu vergiyə moratorium var idi və bu, hər il uzadılırdı. Eyni zamanda, fiziki şəxslərin istiqrazlara qoyduğu investisiyalardan əldə etdiyi gəlirdən vergi tutulmur. Maraqlıdır ki, bu, yalnız bazara çıxarılan istiqrazların emissiyalarına aiddir və birjadankənar vəsaitlərin yerləşdirilməsinə təsir göstərmir”, – o vurğulayıb.

Onun sözlərinə görə, AMB həmçinin bankların Bakı Fond Birjasında qiymətli kağızlara investisiyalarla bağlı ticarət əməliyyatları üçün ehtiyat tələblərini yumşaldıb. Maliyyə Nazirliyi tərəfindən buraxılmış investisiya məqsədli qiymətli kağızlara 0 %, digər yerli emitentlərin istiqrazları üçün isə 1 % ehtiyat norması tətbiq edilir. Eyni zamanda, reytinqi investisiya səviyyəsindən aşağı olan xarici emitentlərin qiymətli kağızlarına investisiyalar üçün 25 % ehtiyat norması tətbiq olunur.

“Bununla yanaşı, investorların risklərini məhdudlaşdırmaq üçün Mərkəzi Bank investisiya şirkətlərinin etibarlılığını artırmaq məqsədilə onlara nəzarət etmək üçün yeni prudensial tədbirlər tətbiq etməyi planlaşdırır”, – “Qazprombank”ın baş iqtisadçısı bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər