7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda iqtisadi vəziyyətlə bağlı rəy sorğusunun nəticələri açıqlanıb

Azərbaycanda mart ayında respondentlərin 15.4%-i iqtisadi vəziyyətini “yaxşı”, 57.6%-i “orta”, 27.1%-i “pis” kimi qiymətləndirib.

Bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Sorğular aprelin 1-dən 6-dən keçirilib, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib, anonimlik qorunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Ölkənin iqtisadi vəziyyəti ilə bağlı 33.6%-i “yaxşı,” 48.4%-i “orta”, 14.8%-i “pis” cavabını qeyd edib. İştirakçıların 3.1%-i cavab verməkdə çətinlik çəkib.

Nəticələrə iştirakçıların gender aspektindən yanaşdıqda, kişilərin 18.7%-i, qadınların 12.0%-i iqtisadi vəziyyətini “yaxşı”, müvafiq olaraq, 29.0%-i və 25.1%-i isə iqtisadi vəziyyətini “pis” kimi qiymətləndirib. Ölkənin iqtisadi vəziyyətinə münasibətdə kişilərin 37.3%-i, qadınların 29.8%-i “yaxşı” cavabını qeyd edib, 16.1%-i və 13.6%-i ölkənin iqtisadi vəziyyətini “pis” olaraq xarakterizə edib.

Orta yaş qrupunda olan hər üç nəfərdən biri (33.0%) aşağı və yuxarı yaş qrupları ilə müqayisədə iqtisadi vəziyyətini “pis” kimi qiymətləndirib.

İştirakçılar arasında ailə vəziyyəti evli olan respondentlərin 15.7%-i, subay olanların 22.0%-i iqtisadi vəziyyətlərinin yaxşı olduğunu bildirib. Evli respondentlər arasında hər dörd nəfərdən biri (26.6%), subay olanların isə 13.6%-i iqtisadi vəziyyətinin pis olduğunu ifadə edib.

Ali təhsilə malik olanların 18.1%-i özünün, 25.7%-i ölkənin iqtisadi vəziyyətini “yaxşı” olaraq qiymətləndirərkən orta təhsillilər üzrə analoji mövqe 13.6% və 38.5% təşkil edib.

Dövlət və ya özəl sektorda çalışanların, o cümlədən fərdi əmək fəaliyyəti ilə məşğul olanların ümumilikdə 16%-17% öz iqtisadi vəziyyətini “yaxşı” kimi qiymətləndirərkən, ölkənin iqtisadi vəziyyətinə münasibətdə bu göstərici 33%-34%-ə bərabər olub.

Orta aylıq gəliri minimum əmək haqqına bərabər olanların 54.4%-i, 601-900 manat intervalında olanların 55.6%-i, 1200 manatdan yuxarı olanların 70.0%-i iqtisadi vəziyyətini “orta” kimi qiymətləndirib. Başqa sözlə, gəlir səviyyəsindəki fərqə baxmayaraq, iştirakçıların əsas hissəsi iqtisadi durumlarını orta səviyyədə dəyərləndirib.

Nəticələr şəhər ərazi vahidləri ilə müqayisədə kəndlərdə yaşayanların həm özünün, həm də ölkənin iqtisadi vəziyyəti ilə bağlı müsbət mövqedə olduğunu göstərib.

Sorğu çərçivəsində iştirakçıların yaxın gələcəkdə özünün, eləcə də ölkənin iqtisadi vəziyyətinin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı gözləntiləri də öyrənilib. İştirakçıların 54.4%-i iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyini, 20.8%-i dəyişməyəcəyini, 17.2%-i mənfiyə doğru dəyişəcəyini güman edib. Onların 7.6%-i bu barədə fikir bildirməyib.

Ölkənin iqtisadi vəziyyətinə gəlincə, sorğuda iştirak edənlərin 64.6%-i müsbətə doğru dəyişiklik gözlədiyini, 13.5%-i hər hansı dəyişiklik gözləmədiyini, 11.2%-i mənfiyə doğru dəyişəcəyini ehtimal etdiyini bildirib. İştirakçıların 10.7%-i cavab verməkdə çətinlik çəkib.

c517a4c6 9d2f 36cd 92ec 275dbf2dc57b

MənbəReport
Son xəbərlər
Digər xəbərlər