Azərbaycanda iri telekommunikasiya şirkətinin gəlirləri azalsa da, xalis mənfəət ₼34 mln.-a yüksəlib

Azərbaycandakı telekommunikasiya şirkəti “Delta Telekom LTD” MMM-in 2024-cü il üzrə xalis mənfəəti illik müqayisədə 0.48% artaraq 33.78 mln. manat təşkil edib. Mənfəətdəki məhdud artım əsasən əməliyyat xərclərinin daha sürətli azalması hesabına formalaşıb, halbuki gəlirlər azalıb.

Banker.az xəbər verir ki, telekommunikasiya şirkətin bölüşdürülməmiş mənfəəti 157.98 mln. manata yüksəlib.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 7.59% azalaraq 82.92 mln. manata düşüb. Eyni zamanda, ümumi əməliyyat xərcləri 15.22% azalaraq 41.14 mln. manat olub. Gəlirlərin azalmasına baxmayaraq xərclərin daha kəskin geriləməsi əməliyyat mənfəətinin 1.40% artaraq 41.78 mln. manata yüksəlməsinə şərait yaradıb ki, bu da gəlir-xərc nisbəti azalıb.

“Delta Telekom LTD”nin Satış gəlirlərinin strukturunda əsas payı internet xidmətləri təşkil edib və bu istiqamət üzrə gəlirlər 17.52% artaraq 47.01 mln. manata çatıb. IP/MPLS xidmətləri 19.27% artımla 17.62 mln. manat, DWDM şəbəkə xidmətləri 10.81% artımla 5.14 mln. manat, IMS/TDM/IP Voice xidmətləri 23.59% artımla 3.17 mln. manat olub. Eyni zamanda, SDH şəbəkə gəlirləri 6.34% azalaraq 1.82 mln. manata, digər xidmətlərdən gəlirlər isə kəskin şəkildə 73.75% azalaraq 6.36 mln. manata düşüb ki, bu da ümumi gəlirlərin azalmasına əsas təsir edən məsələ olub.

2024-cü ilin sonuna şirkətin cəmi aktivləri illik müqayisədə 38.82% artaraq 252.35 mln. manat təşkil edib. Aktivlərin strukturunda əsas artım cari aktivlər hesabına baş verib və onlar 213.88 mln. manata çataraq 35.97% yüksəlib.

Telekommunikasiya şirkətinin cəmi öhdəlikləri 125.88% artaraq 94.35 mln. manata yüksəlib. Cəmi kapital isə 12.85% artımla 158.01 mln. manat olub. Kapitalın əsas hissəsini təşkil edən bölüşdürülməmiş mənfəətin artımı kapital bazasının genişlənməsində əsas rol oynayıb.

Xatırladaq ki, 2000-ci ildən fəaliyyət göstərən “Delta Telekom” Qafqaz regionunda telekommunikasiya və informasiya texnologiyaları sahəsindəki operatorlardan biridir. Şirkət 27 min manat nizamnamə kapitalına sahibdir. Şirkət korporativ müştərilər, dövlət qurumları, banklar və özəl müəssisələrə kompleks həllər təqdim edir. Bundan əlavə, “Delta Telekom” regionun ən iri internet super magistralına sahibdir və müasir texnologiyalarla təchiz edilmiş infrastrukturu vasitəsilə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir.

Son xəbərlər
Digər xəbərlər