Azərbaycanda kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq

Azərbaycanda kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Qanuna əsasən, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə fəaliyyət həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanının (qurumunun) müvafiq strukturu və ya həmin orqan (qurum) tərəfindən müqavilə əsasında müəyyən edilən rezident hüquqi şəxs olan CERT-lər vasitəsilə təmin ediləcək.

Fərmana əsasən, Nazirlər Kabineti həmin dövlət orqanlarının (qurumlarının) təklifləri əsasında həmin orqanlar (qurumlar) tərəfindən kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin təşkilinin və ya müəyyən edilməsinin maliyyələşdirilməsi ilə bağlı tədbirlər görməlidir. Dövlət qurumları kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestrə daxil edilməsi üçün bir il müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılıb və Mərkəzi Banka tövsiyə edilib ki, kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestrə daxil edilməsi üçün bir il müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər