Azərbaycanda 2026-cı ilin ilk rübündə 3 767,4 ton həcmində mis konsentratı istehsal edilib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu da son bir ildə 7.1 dəfə artım deməkdir.
Aprelin 1-nə ehtiyatların həcmi 2 762,1 ton olub.
Gümüş hasilatı illik 85.6 faiz artımla 972,1 kiloqram, qızıl isə 80.2 faiz artımla 601.3 kq-a yüksəlib.
Azərbaycanda əsas istehsalçı Britaniyanın “Anglo Asian Mining Plc.” (AAM) şirkətidir. Keçən ilin sonunda bildirmişi ki, Qarabağ bölgəsindəki yeni “Dəmirli” mis mədənindən mis konsentratının satışına başlayıb.
Şirkət həmçinin qeyd edir ki, istehsal həcminin artırılmasına yönəlmiş strategiyaya uyğun olaraq, AAM 2025-ci ilin noyabr ayında “Dəmirli” mədənində rekord həcmdə – 1 milyon 951 101 min ton dağ süxuru hasil edib.
“Anglo Asian Mining Plc.” proqnozlaşdırır ki, 2025-ci ildə “Dəmirli”də təxminən 4 min ton mis konsentratı hasil ediləcək. 2026-cı ildən etibarən hasilatın ildə təxminən 15 min ton misə qədər artması gözlənilir. Mədənin istismar müddəti geoloji və mineral ehtiyatlar modelinin daha da inkişaf etdirilməsindən sonra müəyyən ediləcək.
Yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.
Qeyd edək ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.







