9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılmasının vaxtı açıqlanıb

Gələn ilin mayın 1-dək Azərbaycanda fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılması planlaşdırılır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

Onun sözlərinə görə, “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” Qanunun noyabr ayında qüvvəyə minməsindən sonra növbəti altı ayda ölkədə fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının qanunun tələblərinə uyğun lisenziya almaları üçün müddət verilib.

“Bu qanunun gətirdiyi ən böyük üstünlük ödəniş xidməti təchizatçıları arasında bərabər bazar şəraiti yaratmaqla, onların sırf əməkdaşlıq və sağlam rəqabət prinsipləri əsasında fəaliyyətini təmin etməsidir”, – K.Qurbanova bildirib.

AMB rəsmisi qeyd edib ki, bu qanunun qəbulu ölkədə tamamilə yeni ekosistemin formalaşdırılmasına imkan yaradacaq: “Ödəniş xidmətləri üzrə səmərəliliyin artırılması, inkluzivliyin genişləndirilməsi və istehlakçılara daha innovativ və əlverişli ödəniş məhsullarının verilməsinə şərait yaranacaq. Qanun xarici ödəniş xidməti təchizatçılarının ölkəmizdə fəaliyyəti üçün iki imkan yaradır. Onlar həm ölkəmizdə filial açmaqla, həm də filial açmadan banklarla müqavilə bağlamaqla fəaliyyət göstərə biləcəklər. Banklarla xarici ödəniş xidməti təchizatçıları arasında əməkdaşlığa dair tələblər də qanunda əks olunub”.

K. Qurbanova qeyib ki, bu vaxta qədər həm MDB, həm də Avropa ölkələrindən Azərbaycanda filial açmaq üçün müraciətlər olur: “Bunun üçün qanunvericilikdə hansı tələblərin olduğu soruşulurdu. Artıq bu şərtlər qanunla müəyyən edilib”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər