2020-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
2020-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 117,2 min nəfər və ya 7,7 faiz artaraq 1 milyon 641 min nəfər olmuş, onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 20,5 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.