5 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycanda orta aylıq pensiya 350 manata çatdırılacaq”

“Siz qeyd etdiyiniz kimi, ötən il həyata keçirilən çox geniş sosial islahatlar paketinin önəmli bir istiqaməti məhz pensiyalar idi. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı”. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev martın 16-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.  

Nazir bildirib ki, əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi: “Digər tərəfdən, bu il sosialyönümlü islahatların davamı olaraq Sizin imzaladığınız Sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirildi. Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır. Bu da əlbəttə ki, son 2-3 ildə Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə aparılan genişmiqyaslı sosial islahatların nəticəsi və uğurudur.

Ümumiyyətlə, son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcəkdir. Ötənilki islahatları da nəzərə alsaq, – ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, – cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılarımıza bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır”.

Son xəbərlər
Digər xəbərlər