“Ləzzət Qida Sənaye” MMC və onun törəmə müəssisələri 2025-ci ili 1,97 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 11,2% azdır.
Banker.az şirkətlər qrupunun birləşdirilmiş audit hesabatına istinadən xəbər verir ki, mənfəətin azalması əsasən ümumi mənfəətin 53,3% azalaraq 17,13 milyon manata enməsi, satışın maya dəyərinin isə 70,2% artaraq 48,54 milyon manata yüksəlməsi fonunda baş verib.
Buna baxmayaraq, kommersiya xərcləri 48,6% azalaraq 1,67 milyon manata, inzibati xərclər isə 58,4% azalaraq 13,26 milyon manata düşüb ki, bu da mənfəətə təzyiqi qismən kompensasiya edib. Şirkətin bölüşdürülməmiş mənfəəti hesabat dövrünün sonunda 2,2 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 18,6% azdır.
2025-ci ildə qrupun əsas əməliyyat gəlirləri 65,67 milyon manat olub ki, bu da illik müqayisədə 0,5% artım deməkdir. Eyni dövrdə ümumi əməliyyat xərcləri (satışın maya dəyəri, kommersiya və inzibati xərclər) 63,47 milyon manata çataraq əvvəlki illə müqayisədə 1% artıb.
Xatırladaq ki, “Ləzzət Qida Sənaye” MMC-nin nizamnamə kapitalı 5 milyon manatdır. Şirkətin 50%-i Türkiyə vətəndaşı Yaycılı İshak Muharremə, 25%-i Rzayev Teymur Yaqub oğluna, qalan 25%-i isə Novruzov Namiq Yaqub oğluna məxsusdur.
Qrup “Ləzzət Broyler” MMC, “LG Bakı” MMC, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC, “LG Konserv” MMC və “LG Retail” MMC-nin nizamnamə kapitalında 100% iştirak payına malikdir. Bu şirkətlər müvafiq olaraq quş əti istehsalı, topdansatış, biskvit və şokolad istehsalı, meyvə şirələri istehsalı və pərakəndə ticarət sahələrində fəaliyyət göstərirlər.






