5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda quş qripi ilə bağlı monitorinqlər keçiriləcək

Azərbaycan ərazisində quş qripi ilə bağlı növbəti epizootoloji monitorinqlər keçiriləcək.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

23-27 yanvar tarixlərində keçiriləcək epizootoloji monitorinqlər Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, həmçinin Abşeron yarımadasındakı və Salyan, Ağcabədi, Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq və dənizsahili zonalarını, eləcə də digər əraziləri əhatə edəcək.

Monitorinqlər zamanı ərazi ilə yanaşı, çöl quşlarına ümumi baxış keçirilməsi və xəstəlik törədicisinin aşkar olunması məqsədilə çöl quşlarının ovlanması planlaşdırılır.

Eyni zamanda həmin müddətdə Bakı və Sumqayıt şəhərlərində, Siyəzən, Xaçmaz, Astara, Masallı, Neftçala, Şirvan və Abşeron rayonlarında fəaliyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Xaçmaz, Astara, Salyan, Neftçala və Lənkəran rayonlarının ailə təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək.

Epizootoloji monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər