2026-cı ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri üzrə ümumi sığorta haqları 732.63 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.8% çoxdur. Eyni zamanda, sığorta ödənişləri 30.1% artaraq 409.64 mln. manata yüksəlib. Nəticədə bazarda zərərlilik nisbəti ötən ilin 43.8%-dən 55.9%-ə çatıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Könüllü sığorta növləri üzrə yığımlar illik müqayisədə 12.1% artaraq 614.56 mln. manata yüksəlib. Bu seqment üzrə ödənişlər isə 33.5% artaraq 343.68 mln. manat olub. Könüllü sığorta bazarında əsas payı həyat sığortası qoruyub saxlayıb. Həyat sığortası üzrə haqlar 13.9% artaraq 421.94 mln. manata, ödənişlər isə 41.3% artaraq 286.98 mln. manata çatıb.
Həyat sığortasının ən böyük növü olan həyatın yaşam sığortası üzrə yığımlar 13% artaraq 399.3 mln. manat təşkil edib. Bu sinif üzrə ödənişlər isə 41.6% yüksələrək 284.71 mln. manata çatıb.
Qeyri-həyat sığortasında yığımlar 8.5% artaraq 192.62 mln. manat olub. Ödənişlər isə 4.5% artımla 56.7 mln. manata yüksəlib.
Qeyri-həyat seqmentində tibbi sığorta haqları 2.6% azalaraq 81.59 mln. manat olsa da, ödənişlər 3.3% artaraq 37.63 mln. manata çatıb. Xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar isə 75.6% artaraq 3.20 mln. manat olub.
Əmlak sığortası bazarında yığımlar 16.8% artaraq 104.32 mln. manata yüksəlib. Bu artım əsasən əmlakın yanğından və digər risklərdən sığortası üzrə haqların 20.7%, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımların isə 1.9% artması ilə bağlı olub.
İcbari sığorta növləri üzrə vəziyyət fərqli olub. Bu seqmentdə sığorta haqları 31.0% azalaraq 118.08 mln. manata düşüb. Azalma əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımların 39.4%, daşınmaz əmlakın icbari sığortası üzrə haqların isə 72.6% azalması ilə əlaqədardır.
Bununla yanaşı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 7.1% artaraq 74.36 mln. manata çatıb. Bu növ üzrə ödənişlər isə 17.2% artaraq 63.21 mln. manat təşkil edib və bazarda ən böyük ödəniş həcmini formalaşdırıb.








