-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda taxıl sahələrini qasırğa vurdu – Böyük zərər

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ölkədə indiyədək qeydə alınan ən böyük sığorta hadisəsi baş verib. 

5 mart 2021-ci il tarixində Qobustan rayonunda əsən güclü külək və yaranmış qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub. Hadisə rayondakı çoxsaylı fermer təsərrüfatlarını əhatə edib. 

Qeyd edək ki, ölkənin bütün ərazilərində olduğu kimi, Qobustan rayonunda da taxıl əkinlərini bir hissəsi Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb. Aqrar sığorta əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlər, fırtına və qasırğa risklərindən qoruyur. 

Martın 5-də baş verən hadisə nəticəsində rayonun ərazisində – Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilminli kəndlərində fiziki və hüquqi şəxslərə məxsus olan ümumilikdə 400 hektara yaxın sığortalanmış taxıl əkinləri sahəsi də qasırğadan zərər görüb. 

Əkin sahələri qalın qum qatı ilə örtülüb, burada əkilən bitkilər ciddi surətdə zədələnib. Bəzi ərazilərdə baş verən qasırğa və güclü külək nəticəsində taxıl bitkiləri kökündən çıxaraq məhv olub. 

Yerli fermerlər hadisə nəticəsində əkin sahələrində məhsulun qismən və ya tamamilə itirildiyini, böyük zərərə düşdüklərini bildiriblər. 

Hadisənin nəticələri ilə yerində tanış olmaq və sığorta hadisəsini araşdırmaq məqsədilə martın 10-da Aqrar Sığorta Fondunun rəhbərliyi, Fondun «Hadisələrin araşdırılması və tənzimlənməsi» şöbəsinin əməkdaşları, eləcə də bitkiçilik üzrə müstəqil aqrar sığorta ekspertləri Qobustan rayonunda olublar. 

Rayonda sığorta hadisəsi baş verən əkin sahələrinə baxış keçirilib, əkin sahələrini sığortalamış fermerlərlə görüş keçirilib. 

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, ümumilikdə Qobustan rayonunda 6400 hektar əkin sahəsi sığorta edilib, bunun bir hissəsi qasırğadan zərər çəkib: «İlkin müraciətlərə və məlumatlara əsasən, ümumilikdə 400 hektar əkin sahəsi qasırğadan zərər çəkib. İlkin olaraq qiymətləndirmələrə görə hadisə nəticəsində fermerlərə dəyən zərərin məbləği 400 min manat ətrafındadır. Baş verən hadisə qanunda nəzərdə tutulan prosedurlara uyğun araşdırılacaq, fermerlərə dəyən zərər müəyyən ediləcək və ona uyğun olaraq ödənişlərin edilməsi nəzərdə tutulur». 

ASF-nin rəhbəri fermerləri belə hallarda zərərlə üzləşməmək üçün aqrar sığortadan faydalanmağa çağırıb: «Aqrar sığorta mexanizminin əhatə etdiyi risklər sırasında qasırğa və fırtına da yer alır. Bu halların fermerlərə necə böyük zərər vurduğu göz qabağındadır, onu nəzərə alaraq fermerləri öz əkin sahələrini sığorta etməyə çağırıram. Sığortanın faydası ona çəkilən xərcin məbləğindən  müqayisəedilməz dərəcədə böyükdür. Fermerlər böyük zəhmət hesabına becərdikləri əkinlərin məhv olması nəticəsində zərərlə üzləşməmək üçün dövlətin onlara yaratdığı bu imkandan faydalanmalıdırlar». 

Fermerlər baş verən hadisə barədə Fond rəhbərliyinə məlumat verib, Aqrar Sığorta Fondunun hadisəyə belə çevik reaksiyasından məmnun qaldıqlarını bildiriblər. Hadisədən zərər çəkən, amma əkin sahələrini sığorta etməyən fermerlər aqrar sığortadan istifadə etmədiklərinə görə peşman olduqlarını bildiriblər. 

Qarşıdakı günlərdə müstəqil aqrar sığorta ekspertləri tərəfindən hadisədən zərər dəyən ərazilərdə araşdırma və zərərin qiymətləndirilməsi işləri aparılacaq.  İşlər başa çatdıqdan sonra dəyən zərərlərin qarşılanması üçün qanunvericiliyə uyğun addımlar atılacaq. 

QOBUSTAN QASIRGA 9 QOBUSTAN QASIRGA 8 QOBUSTAN QASIRGA 7 QOBUSTAN QASIRGA 4 QOBUSTAN QASIRGA 3 QOBUSTAN QASIRGA 2 QOBUSTAN QASIRGA 1

 

Son xəbərlər
Digər xəbərlər