2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda uçot dərəcəsinin 9.25%-ə yüksələcəyi gözlənilir

“Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iyunun 21-də keçiriləcək iclasında yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 9,25%-ə çatdıracağı, daha sonra isə ilin sonuna qədər pul-kredit siyasətinin sərtləşdirilməsini dayandıracağı gözlənilir”.

Bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

O, bu cür qərarın lehinə 4 arqument gətirir: yenidən maliyyələşdirmə dərəcəsini hələ də üstələyən inflyasiyanın davamlı yavaşlaması; əhalinin əmanətlərinin dollarlaşmasının sabit, lakin hələ də yüksək səviyyəsi; stimullaşdırıcı fiskal siyasət fonunda pul kütləsinin artımı; daxili tələbatın genişlənməsi.

“İnflyasiyanın davamlı yavaşlamasını nəzərə alaraq, Mərkəzi Bankın bəyanat tonunun yumşaldılmasını istisna etmirik. AMB may ayında keçirilən iclasında pul-kredit siyasətini sərtləşdirməyə davam etməklə uçot dərəcəsini 25 baza bəndi artıraraq 9%-ə çatdırıb. Bundan əlavə, pul-kredit şərtlərinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank faiz dəhlizinin aşağı və yuxarı həddini 50 bazis bəndi və 25 bazis bəndi artıraraq müvafiq olaraq 7,5% və 10%-ə çatdırıb. Bununla da kredit fəaliyyətini tənzimləmək və manatla əmanətlərin cəlbediciliyini dəstəkləmək imkanlarını genişləndirib”, – G.Xaydarşina bildirib.

Onun sözlərinə görə, AMB əvvəlki iclasın nəticələrinə görə antiinflyasiya pul-kredit siyasətinə sadiqliyini təsdiqləyib. İnflyasiya amilləri sırasında Mərkəzi Bank stimullaşdırıcı fiskal siyasət fonunda məcmu tələbin genişlənməsini qeyd edib. Faizlərin sonrakı trayektoriyasını şərh edən AMB proqnozların yaxşılaşması fonunda inflyasiyanın azalması davam edəcəyi təqdirdə faiz artımının dayandırılması və daha sonra onların aşağı salınmasına keçid imkanlarını nəzərdən keçirəcəyini qeyd edib.

“İnflyasiyanın yavaşladığını və yenidən maliyyələşdirmə dərəcəsi səviyyəsinə yaxınlaşdığını nəzərə alsaq, Mərkəzi Bank artıq faiz artımı tsiklinin sonuna yaxındır və bu il iyun iclasında yekun faiz artımına başlaya bilər. Bundan sonrakı iclaslarda monetar sərtləşdirmənin dayandırılması üçün ilkin şərtlər yarana bilər”, – “Qazprombank”ın baş iqtisadçısı hesab edir.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər