25 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda xam neft hasilatı 7 faizə yaxın düşüb

2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda xam neft hasilatının həcmi illik müqayisədə 6.7 faiz düşüb, OPEC və EIA isə növbəti il üçün pozitiv siqnallar verir.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hasilatın həcmi iki aya 4 milyon 772.5 min ton təşkil edib. Xam neft hasilatının 4 milyon 762 min tonu əmtəəlik olub.

Energetika Nazirliyinin açıqlamasına əsasən, 2024-cü ilin fevral ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub. Bunun 476 min barelini xam neft, 122 min barelini isə kondensat təşkil edib. Qeyd edək ki, “OPEC +” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

XARİCİ TƏŞKİLATLAR NƏ DEYİR?

OPEC-in mart üzrə aylıq hesabatında bildirilir ki, 2024-cü il üçün Azərbaycanın maye tədarükünün təqribən gündəlik orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır. Artımın qismən Şahdəniz, Abşeron və Ümid-Babək qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır.

Təşkilat əlavə edir ki, Azərbaycanın AÇG neft yataqlarında hasilat da bu il yeddinci AÇG platforması hesabına artmalıdır.

Bununla belə, Azərbaycanda maye tədarükünün 2025-ci ildə təqribən ildə orta ölçüdə 700 min barel (gündəlik) neft hasil ediləcəyi proqnoz edilir.

“AÇG və Ümid-Babək kimi bir sıra layihələrdə hasilat artımının digər hazır yataqlardakı azalmaları böyük ölçüdə kompensasiya edəcəyi gözlənilir”.

ABŞ-nin Enerji İnformasiya Administrasiyasının fevral üzrə qısamüddətli proqnozuna əsasən, Azərbaycanda 2024-cü ilin dörd rübündən ilk üçündə gündəlik hasilatın 610 min barel, son rübündə isə 620 min barel olacağı proqnoz edilir.

İlin müvafiq dövrü ərzində ixracda ikinci ən böyük payı olan təbii qaz hasilatının həcmi 3 faiz artaraq 8 milyard 245.7 min kub-metr təşkil edib.

DSK-nin məlumatına əsasən neft və qaz hasilatının ümumi iqtisadi dəyəri 6 milyard 106.2 milyon manat təşkil edir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər