“Anglo Asian Mining” PLC 2026-cı ilin ilk yarısında güclü pul axını hesabına maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. İyunun 30-na şirkətin pul vəsaitləri 69,8 milyon ABŞ dollarına çatıb.
Banker.az xəbər verir ki, bu göstərici təkcə II rübün əvvəli ilə müqayisədə 87,6% artıb.
Eyni zamanda, şirkətin borcu 19,5 milyon dollardan 12,2 milyon dollara enib ki, bu da 37,4% azalma deməkdir. Nəticədə xalis pul mövqeyi üç ay ərzində 17,7 milyon dollardan 57,6 milyon dollara yüksələrək 225,4% artıb. Ötən ilin eyni dövründə isə şirkətin 13 milyon dollar xalis borcu mövcud idi.
İyunun sonuna şirkətin satılmamış qızıl və mis konsentratı ehtiyatlarının bazar dəyəri 28,9 milyon dollar təşkil edib.
Əməliyyat fəaliyyəti üzrə şirkət ilk yarımildə 8 840 ton mis, 12 329 unsiya qızıl və 92 855 unsiya gümüş hasil edib. Bu dövrdə 58 577 quru metrik ton mis konsentratı və 7 126 unsiya qızıl külçəsi satılıb.
Bundan əlavə, şirkət Gədəbəy flotasiya zavodunun modernizasiyasını başa çatdırdığını, Dəmirli yatağında isə istehsal gücünün artırılması prosesinin 2026-cı ilin üçüncü rübündə tamamlanacağını açıqlayıb. “Anglo Asian Mining” həmçinin Xarxar və Qaradağ yataqlarının işlənməsi üzrə texniki-iqtisadi əsaslandırma işlərini davam etdirir və 2026–2027-ci illərdə 90 min metr həcmində geoloji qazma proqramı həyata keçirməyi planlaşdırır.
Şirkət 2026-cı il üzrə istehsal proqnozunu dəyişməyərək 20–25 min ton mis, 28–33 min unsiya qızıl və 170–210 min unsiya gümüş hasil edəcəyini gözlədiyini bildirib.







