Nazirlər Kabineti “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası”nı təsdiqdəyib.
Qaydaya əsasən, əsas korpus istehsal və digər texnoloji proseslərin birbaşa baş verdiyi əsas texnoloji sahə, elektrik və (və ya) istilik enerjisi istehsalı müəssisəsi (EİM) bərpa olunmayan yanacaq növündən istifadə edərək elektrik və (və ya) istilik enerjisi istehsal edən, ötürücü və ya paylayıcı elektrik şəbəkəsinə qoşulmuş istehsal müəssisəsi, salamatqalma rejimi müəyyən edilmiş istehlakçıların elektrik və (və ya) istilik enerjisi ilə davamlı təchizatını təmin etmək məqsədilə ötən son beş ilin ən soyuq ayını nəzərə alaraq, EİM-də avadanlıqların hesablanmış minimal elektrik və istilik yükü ilə qəzasız işini təmin etmək üçün zəruri olan iş rejimidir.
Yanacaq ehtiyatları dinc dövrdə və ya fövqəladə hallarda EİM-də etibarlı və davamlı işin təmin edilməsi üçün yaradılan yanacaq fondudur. İstifadə məqsədlərindən asılı olaraq, aşağıdakı yanacaq ehtiyatları yaradılır:
– əsas yanacaq ehtiyatı – EİM-də baza iş rejiminin təmin edilməsi üçün nəzərdə tutulan əsas yanacaq növündə yaradılan ehtiyat;
– rezerv (ehtiyat) yanacaq ehtiyatı – EİM-də əsas yanacağın qismən və ya tam mövcud olmaması şəraitində işin təmin edilməsi üçün digər yanacaq növlərindən yaradılan ehtiyat;
– yanacağın istismar ehtiyatları – ölkənin vahid energetika sistemi çərçivəsində elektrik və istilik enerjisinin istehsalı və təchizatı balansının ümumi proqnoz göstəricilərinin icrası məqsədilə EİM-in davamlı fəaliyyətinin təmin edilməsi üçün zəruri olan nomenklaturda və həcmdə yaradılan yanacaq ehtiyatı;
– yanacağın azaldılmaz ehtiyatları – gözlənilməyən hallarda (qəza və ya təbii fəlakət) yanacağın istismar ehtiyatları mövcud olmadıqda və ya onların istifadəsi qeyri-mümkün olduqda, EİM-in minimum prioritet fəaliyyətinin təmin edilməsi üçün zəruri olan nomenklaturda və həcmdə yaradılan yanacaq ehtiyatı;
– yanacağın təbii itkisi – meteoroloji amillərin təsiri nəticəsində (normativ sənədlərin tələbləri çərçivəsində keyfiyyəti dəyişmədən çəkisinin azalması) və ya müvafiq dövrdə mövcud olan saxlama qurğu və vasitələrində yaranan çatışmazlıqlar səbəbi ilə, habelə nəqledilmə, ötürülmə və ya daşınma prosesində yanacağın yaranmış itkiləri;
– yanacağın təbii itki norması – saxlanma və daşınma zamanı yaranan yanacağın təbii itkilərinin yolverilən maksimal həddi;
– birinci dərəcəli istehlakçılar – elektrik enerjisi təchizatının etibarlığına görə birinci dərəcəli sayılan və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən istehlakçılar;
– yanacaq qalığı – anbarda (saxlancda) saxlanılan, günün sonuna qədər (saat 24:00-dək) mədaxil olunan, lakin yüklənilməyən yanacaq;
Bu Qayda bilavasitə və ya dolayısilə ölkənin vahid ötürücü və ya paylayıcı şəbəkəsinə qoşulmayan EİM-lərə şamil edilmir. Qaydanın şamil edildiyi EİM-lərin siyahısı Energetika Nazirliyi tərəfindən müəyyən olunur.
Yanacağın azaldılmaz ehtiyatlarının həcmi və nomenklaturunun, habelə onların istifadə qaydasının müəyyən olunması Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəri Qərarı ilə təsdiq edilmiş “Maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Yanacağın istismar ehtiyatlarının həcmi və nomenklaturu EİM-lərin təklifləri əsasında Energetika Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur. Yanacağın istismar ehtiyatları ilə bağlı EİM-lər tərəfindən Energetika Nazirliyinə hesabatlar təqdim edilir. Bununla əlaqədar hesabat formaları və onların təqdim edilmə qaydası və müddətləri Energetika Nazirliyi tərəfindən müəyyən edilir.
Yanacağın azaldılmaz ehtiyatlarının yaradılması və yığılması ilə bağlı maliyyələşdirilmə Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəri Qərarı ilə təsdiq edilmiş “Maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Yanacağın istismar ehtiyatlarının yaradılması ilə bağlı maliyyələşdirilmə EİM-in təsərrüfat fəaliyyətlərindən əldə olunan gəlirləri hesabına təmin edilir.
Əsas və rezerv yanacaq ehtiyatları bu Qaydaya uyğun olaraq müəyyən edilən həcm və nomenklatura uyğun olaraq EİM-lərin özləri tərəfindən yaradılır. Qazdan əsas yanacaq növü kimi istifadə edən EİM-lərdə əsas yanacaq qismən və ya tamamilə olmadıqda, baza iş rejiminin dəstəklənməsi üçün rezerv yanacaq ehtiyatı (təbii qaz, soba mazutu, dizel yanacağı və digər növlərdə) olaraq, azaldılmaz və istismar ehtiyatları yaradılır. Buxar-qaz qurğularına və (və ya) qaz-turbin qurğularına malik olan və əsas yanacaq növü kimi qazdan istifadə edən EİMlərdə əsas yanacaq tamamilə olmadıqda, işi dəstəkləmək üçün dizel və ya texnoloji prosesə uyğun digər yanacaq növündən ehtiyat yaradılır.
EİM-lərdə yanacağın azaldılmaz ehtiyatları ilə bağlı təkliflər aşağıdakı meyarlar nəzərə alınmaqla hazırlanır:
– yanacağın istismar ehtiyatları mövcud olmadıqda və ya onların istifadəsi qeyri-mümkün olduqda, EİM-in minimum fəaliyyətinin təmin edilməsi üçün əsas korpusda, köməkçi bina və qurğularda müsbət temperaturun saxlanılması;
– birinci dərəcəli istehlakçıların tələbatının, habelə isitmə mövsümündə istilik-təchizat sistemi obyektlərinin (istilik məntəqələri, nasos stansiyaları, istilik enerjisi mənbələrinin) daxili ehtiyaclarının dinc dövrdə və fövqəladə hallarda davamlı təmin edilməsi;
– elektrik enerjisi ilə davamlı təchizatını təmin etmək məqsədilə ötən son beş ilin ən soyuq ayı üzrə müvafiq hava temperaturunda avadanlıqların hesablanmış minimal elektrik və istilik yükü ilə qəzasız işinin təmin edilməsi;
– əsas yanacaq kimi qazdan istifadə edən və ya bilavasitə neft emalı zavodlarından boru xətləri vasitəsilə mazut əldə edən EİM-in üç gün ərzində istilik elektrik stansiyalarının salamatqalma rejimində işinin təmin edilməsi;
– buxar-qaz qurğularına və (və ya) qaz-turbin qurğularına malik olan stansiyalarda qaz təchizatı olmadıqda, yaranan qəza vəziyyətlərində belə qurğuların işinin təmin edilməsi;
– əsas yanacaq kimi soba mazutu və (və ya) dizel yanacağından istifadə edən EİM-in yeddi gün ərzində salamatqalma rejimində işinin təmin edilməsi.
Yanacağın azaldılmaz ehtiyatları onların istifadəsini əsaslandıran səbəblər aradan qaldırıldıqdan sonra mümkün olan ən qısa müddətdə yerinə bərpa edilir. EİM-də rezerv yanacaq ehtiyatı kimi bir neçə yanacaq növündən istifadə etmək imkanı olduqda, yaradılması məqsədəuyğun hesab edilən rezerv yanacaq ehtiyatının növü ilə bağlı müvafiq EİM tərəfindən təkliflər hazırlanaraq, Energetika Nazirliyinə təqdim edilir. EİM-lərdə yanacaq ehtiyatları yaradılarkən qaza aqreqatının qalanması zamanı istifadə edilən yanacaq növləri nəzərə alınır. Belə növ yanacaq ehtiyatlarının həcminin hesablanması aşağıdakılar əsasında həyata keçirilir:
– layihə sənədlərinə uyğun olaraq qazan aqreqatının hər qalanmasında yandırılması nəzərdə tutulan yanacaq həcmlərinin ümumi göstəriciləri. Bu göstəricilər hesablanarkən, əməliyyat zonasında müvafiq EİM-lərin fəaliyyət göstərdiyi ərazi üzrə əməliyyat-dispetçer subyektlərinin göstərişlərinə əsasən qəza və ya rejimlə əlaqədar fasilələr və qoşulmalar, habelə EİM obyektlərinin
təmirə dayanması və ya istifadədən çıxarılması və digər fəaliyyətlər nəzərə alınır;
– həcmin planlaşdırıldığı dövrdən əvvəlki beş il ərzində yanacaqhazırlama və yanacaqvermə sistemlərində müşahidə edilən qəza vəziyyətlərində və qəza vəziyyətlərinin aradan qaldırılması zamanı qazan aqreqatının işinin davam etdirilməsi üçün sərf edilən müvafiq yanacaq növünün maksimal faktiki sərfiyyatı üzrə göstəricilər.
EİM-də əsas və rezerv yanacaq ehtiyatları ilə bağlı göstəricilər ərazi üzrə əməliyyat-dispetçer subyektləri ilə razılaşdırmaqla hesablanmalıdır. EİM-də müxtəlif yanacaq növlərindən istifadə edildiyi təqdirdə, belə müəssisələrdə istifadə edilən hər yanacaq növü üzrə yanacağın azaldılmaz və istismar ehtiyatları ilə bağlı göstəricilər ayrıca hesablanmalıdır. Yay mövsümündə fəaliyyət göstərməyən EİM-lər tərəfindən müvafiq ilin 1 may, 1 iyun və 1 iyul tarixləri üçün yanacağın istismar ehtiyatları ilə bağlı göstəriciləri hesablanmaya bilər. Belə hallarda, EİM-lər ilin III rübü üçün normativlərə uyğun yanacağın istismar ehtiyatlarının bərpa edilməsini 1 oktyabr tarixinədək təmin etməlidir. Üçillik dövr ərzində EİM-də avadanlıq və qurğular yanacaqdan istifadənin strukturu, habelə enerji təchizatı yalnız bir mənbədən təmin edilən birinci dərəcəli istehlakçıların tələbatının ödənilməsi ilə bağlı yüklənmənin həcmi dəyişdikdə, yanacağın azaldılmaz ehtiyatlarına dair göstəricilərdə müvafiq düzəlişləredilməlidir. Belə düzəlişlərin edilməsi həmin ehtiyatların nomenklatur və həcminin müəyyən edildiyi qaydada həyata keçirilir. Çənlərin dibində götürülməsi mümkün olmayan və ya istifadəsi səmərəli hesab edilməyən mazut və digər neft məhsulları qalıqlarının həcmi yanacağın azaldılmaz və istismar ehtiyatlarının həcminə daxil edilmir. Mövsümi olaraq avadanlıqları dayandırılan EİM-lər belə fasilələrdə yanacağın azaldılmaz ehtiyatlarını yaratmaya bilər.
Birinci dərəcəli istehlakçıların tələbatını ödəməyən EİMlərdə yanacağın azaldılmaz və istismar ehtiyatlarının həcmi yay mövsümü üçün aşağı səviyyədə müəyyən oluna bilər. EİM-də yaradılmış yanacaq ehtiyatının uçotu zamanı ayın 1-i tarixinə anbarında (saxlancında) faktiki olan, habelə enerji istehsalında istifadə etmək üçün EİM-ə göndərilmiş və həcmi yanacaq ehtiyatlarının ümumi həcminin 15 faizini keçməyən yanacaq nəzərə alınır. Müvafiq ilin hər ayının 1-i tarixinə EİM-in anbarında (saxlancında) yanacaq ehtiyatlarının faktiki həcmi bu Qaydaya uyğun müəyyən edilən yanacaq ehtiyatlarının həcmindən az olduqda (müvafiq azalma ümumi yanacaq ehtiyatlarının 85 faizindən az olmamalıdır), EİM tərəfindən həmin ayın 10-u tarixindən gec olmayaraq, anbarındakı (saxlancındakı) faktiki yanacağın həcminin müəyyən olunmuş həcmə qədər çatdırılması təmin edilməlidir. EİM-in mülkiyyətində olmayan və ya barəsində həmin mülkiyyətçinin mülkiyyət hüququ üçüncü şəxslərin tələb hüququ ilə məhdudlaşdırılmış yanacaq məhsulları yanacaq ehtiyatlarının tərkib hissəsi kimi nəzərə alınmır. EİM-in yanacaq ehtiyatının hesablanması zamanı digər anbarda (saxlancda) saxlanılan, lakin həmin EİM-in mülkiyyəti olan və həmin anbarlardan (saxlanclardan) yanacağın EİM-ə daşınması zamanı texniki cəhətdən mümkün olan yanacaq ehtiyatları da nəzərə alınır. Bu zaman, digər anbarlardan (saxlanclardan) yanacağın göndərilməsi nəzərdə tutulan EİM tərəfindən həmin yanacağın yüklənməsi, göndərilməsi və boşaldılması üçün zəruri olan müddətdə dispetçer yüklənməsi qrafikinə uyğun fəaliyyətini təmin edəcək həcmdə yanacaq ehtiyatı təmin edilməlidir.
Yanacaq ehtiyatlarının hesablanması üzrə tövsiyə olunan metodologiyaların hazırlanması müstəqil ekspertlər və mütəxəssislər, məsləhətçi şirkətlər, elmi təşkilatlar cəlb edilməklə Energetika Nazirliyi tərəfindən həyata keçirilir.