10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycandan Avropaya STRING vasitəsilə təbii qaz tədarükü ildə 5 mlrd. kubmetr təşkil edə bilər

“Həmrəylik halqası” (STRING) təşəbbüsü çərçivəsində Azərbaycan təbii qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər.

Bu barədə Slovakiyanın “Pravda” nəşrinə müsahibəsində Slovakiya Qaz və Neft Assosiasiyasının (SGOA) icraçı direktoru Rixard Kvasnovski bildirib.

Onun sözlərinə görə, son illər mayeləşdirilmiş təbii qaz (LNG) və Norveç “mavi yanacağı”nın tədarükü sayəsində Avropa ölkələrinin Rusiya təbii qazından asılılığı xeyli azalıb:

“Azərbaycan başqa bir mənbəyə çevrilə bilər. Bu, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrinin şərq qaz kəmərləri sistemi ilə tarixi əlaqəsini nəzərə alaraq, enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına mühüm töhfə olardı”.

R.Kvasnovski qeyd edib ki, bu mənada transsərhəd əlaqələrin imkanlarını artırmaq şərti ilə mövcud infrastruktur vasitəsilə Azərbaycandan təbii qaz idxalının həcminin artırılmasına yönəlmiş “Həmrəylik halqası” təşəbbüsünü qeyd etmək lazımdır:

“Birinci mərhələdə regionumuz Azərbaycandan 5 milyard kubmetrədək təbii qaz ala bilər ki, bu da Slovakiyanın illik təbii qaz istehlakına uyğundur”.

O xatırladıb ki, Azərbaycan Avropa İttifaqının (Aİ) təbii qaz tədarükünün şaxələndirilməsi səylərində mühüm tərəfdaşlarından biridir. Onun sözlərinə görə, bunu ölkənin Avropa Komissiyası ilə imzaladığı energetika sahəsində Strateji Tərəfdaşlıq Memorandumu sübut edir: “Bununla da Azərbaycan qazının tədarükünün ildə 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur”.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır.

Eyni zamanda 2025-ci ilin sonunadək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) genişləndirmənin birinci mərhələsi çərçivəsində əlavə 1.2 milyard kubmetr Azərbaycan qazını qəbul etməyə hazır olacaq ki, bunun da 1 milyard kubmetrini 2026-cı ildən İtaliya, 200 milyon kubmetrini isə Albaniya alacaq.

“Həmrəylik halqası” layihəsi çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstan (“Bulgartransgaz”), Rumıniya (“Transgaz”), Macarıstan (FGSZ) və Slovakiyanın (“Eustream”) qaz ötürücü sistem operatorları arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə tədarüklər Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernləşdirilmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər