2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanı təhdid edən rusiyalı ekspert İNTERPOL-a verildi

Rusiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrovun cari ilin dekabrin 13-də müxtəlif KİV-də verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində Azərbaycan ilə Rusiya arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını” bildirməklə açıq çağırışlar edib.

Mixail Aleksandrovun əməllərində Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə  terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan cari ilin dekabrın 19-da Baş prokuror tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından Mixail Aleksandrovun Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışı elan edilib.

Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycana verilməsinin təmin edilməsi məqsədilə  müraciətlər göndərilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

 

Son xəbərlər
Digər xəbərlər