“Bank of Baku” ASC-nin müştərilərinə hədəflənmiş fişinq xarakterli kiber-hücum cəhdləri olub.
Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) açıqlamasında bildirilir.
Belə ki, naməlum hakerlər tərəfindən “Facebook” sosial şəbəkəsində reklam kampaniyasının yayımlanması məqsədilə müxtəlif səhifələr yaradılıb, səhifənin loqotip hissəsində bankın rəsmi loqotipi yerləşdirilib, məzmununda isə həmin bankın reklam kampaniyalarında istifadə etdiyi fotoşəkillərə oxşar şəkillər yüklənərək üzərində həqiqətə uyğun olmayan müxtəlif cəlbedici vədlər qeyd edilib.
“Reklam kampaniyasında istifadə olunan paylaşımda “Bank of Baku” ASC-nin “Instagram” sosial şəbəkəsindəki səhifəsi barədə məlumatlar yer alsa da, üzərinə klik etdikdə müxtəlif adlı domenlərdə fəaliyyət göstərən “fişinq” məzmunlu saytlara keçid təyin edilib (www.bankoffbaku.com). Qeyd olunan saytlar KİMM tərəfindən Azərbaycan vətəndaşlarını mümkün kiber-təhdidlər barədə məlumatlandırmaq məqsədilə yaradılmış “Qara siyahı” (blacklist.gov.az) xidmətində qara siyahıya salınıb. Vətəndaşlardan yalnız müvafiq banka məxsus internet informasiya ehtiyatlarından, mobil tətbiqlərdən istifadə etməyi tövsiyə edir, oxşar hallarla qarşılaşdıqları halda KİMM-ə məlumat vermələrini xahiş edirik”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, bir müddət öncə “Kapital Bank” ASC-yə qarşı da fişinq hücumu baş vermişdi. Belə ki, banıkn törəməsi olan “BirBank” MMC bank olmayan kredit təşkilatına (BOKT) məxsus korporativ stildə, üzərində “daxil ol 500 azn ve iphone xs max qazan” başlıqlı reklam kampaniyası gedib və bu yolla sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsinə cəhd edilib.