8 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanın lizinq şirkəti islam lizinqi üçün əlavə vəsaitlər cəlb edir

“Joint Leasing” şirkəti 2014-cü ilin yanvarından reallaşdırılan islam lizinqi layihəsi çərçivəsində əlavə resursların cəlb edilməsi imkanlarına baxır. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətin baş direktoru Elçin Əhmədov bildirib.

O, qeyd edib ki, layihənin ilkin portfeli 4 milyon manat təşkil edir: “Bu, kifayət qədər qısa müddətə mənimsənilən ilk tranşdır. Hazırda əlavə resursların cəlb edilməsi üçün imkan var”.

Şirkət rəhbərinin sözlərinə görə, lizinq mahiyyət etibarilə islam maliyyələşdirmə alətidir, O deyib ki, icarə [ənənəvi lizinqin analoqu] islam maliyyələşdirməsində istifadə olunan alətlərin siyahısına daxildir: “Ola bilsin ki, gələcəkdə yeni alətlər tətbiq edilsin, lakin indi bununla bağlı danışıqlar aparmırıq”.

E.Əhmədov vurğulayıb ki, bu gün “Joint Leasing”in maliyyələşdirilməsinin əsas mənbələrindən biri kimi şirkətin həmtəsisçilərindən olan Azərbaycan Beynəlxalq Bankı çıxış edir: “Təsisçimizin maliyyə gücünə baxmayaraq, şirkət öz borc portfelini şaxələndirməkdən ötrü digər mənbələrdən də resurslar cəlb edir. Ötən il 3 milyon dollar həcmində kredit cəlb etdik, eləcə də ixrac maliyyələşməsi sxemi üzrə çalışırıq. Bu gün əksər ölkələr bu və ya digər ölkənin ixrac məhsullarının təşviqi sxeminə malikdir. Biz ötən il Koreya ilə bu istiqamətdə kifayət qədər fəal işlədik, Yaponiya texnikasının alınması üzrə resurslar cəlb etdik. Bu gün bir sıra maliyyə institutları ilə fəal danışıqlar aparırıq”.

Şirkətin aktiv lizinq portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 12-13 faiz artaraq 2014-cü il sentyabrın 1-nə 36 milyon manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər