15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanın milli aviadaşıyıcısı özünün aşağı büdcəli brendini yaradır

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətin aşağı büdcəli istiqamətləri üzrə uçuşlar yerinə yetirəcək yeni “AZALJET” brendinin yaradılmasına dair planlarını elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  verilən məlumata görə, “AZALJET” brendi altında uçuşlar 2016-cı il 28 mart tarixindən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək.

“AZALJET” brendi altında yerinə yetiriləcək reyslərdə baqajın daşınması və bortda qidalanma əlavə ödəniş müqabilində təklif olunacaq. Belə təcrübə 2015-ci ilin avqustundan qismən və 2016-ci il 1 fevral tarixindən isə tam miqyasda AZAL-ın bir sıra aviareyslərində uğurla tətbiq olunmağa başlamışdır. Bununla əlaqədar olaraq, aviaşirkət bu sxem üzrə aviabiletlər təklif edəcək ayrıca brendin yaradılması haqqında qərar qəbul etmişdir.

Son illərdə aşağı büdcəli aviaşirkətlər bütün dünyada məşhurluq qazanmışdır. Bu, aviadaşıma biznesinə “aşağı xərclər – aşağı tariflər – yüksək tələb – yüksək gəlir” formulu ilə ifadə olunan yanaşmadır.

“Azərbaycan Hava Yolları” özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.

Bununla da, Azərbaycanın milli aviadaşıyıcısı bizim bazara maraq göstərən həm klassik, həm də aşağı büdcəli aviaşirkətlər ilə aviasiya bazarında səmərəli rəqabət etmək imkanı əldə edəcək. Məsələn, Azərbaycan Respublikasının regionlarına “Türk Hava Yolları”-nın aşağı büdcəli brendi olan “Anadolu Jet” artıq uçuşlar yerinə yetirir və mart ayının sonunda Macarıstanın aşağı bücəli aviaşirkəti “WizzAir” tərəfindən Bakıdan Budapeştə uçuşlar bərpa ediləcək. Artıq digər aşağı büdcəli aviaşirkətlər, o cümlədən Türkiyənin “Pegasus” və “Atlasjet” şirkətləri də Azərbaycana uçuşlara maraq göstərir.

“Bu biznes-model müəyyən xidmətlərə qənaət edilməsini nəzərdə tutur ki, bu da, klassik aviaşirkətlər ilə müqayisədə qiyməti xeyli aşağı salmağa imkan verir. Bununla yanaşı, biz Azərbaycanın Milli aviadaşıyıcısının bütün reyslərində əvvəlki kimi təhlükəsizlik və xidmətin yüksək səviyyəsinə zəmanət veririk”, – deyə AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov bildirmişdir.

Trend

Son xəbərlər
Digər xəbərlər