2022-ci ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.8 mlrd. dollar təşkil edib.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.
Bunun 5.6 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.2 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 18.8% azalaraq 1.4 mlrd. dollar olub.
Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 0.9 mlrd. dollar (30.0% azalma) olub.
Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 0.5 mlrd. dollar (12.8% artım) olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 40.6%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4.0 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 65.2%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olunub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.6 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.4 mlrd. dollar təşkil etmişdir.
Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik müqayisədə 15.3%, idxalı isə 21.3% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin 9 ayında 2.1 dəfə artaraq 1.2 mlrd. dollara yüksəlib.
AMB qeyd edir ki, nəqliyyat xidmətləri üzrə profisit 2021-ci ilin 9 ayında 0.6 mlrd. dollar olmuşdur.
2022-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.6 dəfə artaraq 1.3 mlrd. dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (692 mln. dollar) ixracı (604 mln. dollar) üstələməsi nəticəsində 88 mln. dollar həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 67%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.2 dəfə artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.7 mlrd. dollar olmuşdur. Bunun 82.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 5.4 dəfə artaraq 32.8 mln. dollar təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 49% artaraq 0.7 mlrd. dollar olmuşdur.