“Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir”.
Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin bildirib.
“Aramızda siyasət və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq artır. Bunlar strateji tərəfdaşlığa sübutdur. Hazırda 5 yol xəritəsinin həyata keçirilməsi üçün işlər görülür. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın səfəri zamanı 6-cı yol xəritəsinə dair razılıq əldə olunub və bu, çox mühümdür”, – rusiyalı nazir deyib.
O, Rusiya-Azərbaycan işgüzar şuralarının da yüksək səviyyədə olduğunu söyləyib: ““2019-cu ilin 9 ayı ərzində ikitərəfli ticarət dövriyyəsi 25 faizdən çox artıb.
M.Oreşkin iki ölkə arasındakı sərhəddə keyfiyyətli və səmərəli infrastrukturun yaradılmasını iqtisadi əməkdaşlığın mühüm şərti olaraq səciyyələndirib: “Yaxın zamanda Samur çayı üzərində körpü tikintisi başa çatdırılmalıdır. Bu da ikitərəfli ticarətə və gediş-gəlişə töhfəsini verəcək. Bununla yanaşı, birgə müəssisələr də uğurla tikilir və bunlardan birinin bu gün açılması nəzərdə tutulan əczaçılıq fabrikidir”.