Dövlətin elektroenergetika sisteminin fəaliyyətini təmin edən “Azərenerji” ASC 2023-cü ildə 1 mlrd. 685.26 milyon manat gəlirə qarşı cəmi 175.11 milyon manat xalis mənfəət əldə edib. Halbuki, dövlət şirkəti 2022-ci ili 2023-cü ildən daha böyük həcmdə xalis mənfəətlə bitirmişdi. Qeyd edilən tarixə xalis mənfəət 445.58 milyon manat idi.
Banker.az xəbər verir ki, bu barədə dövlət şirkətinin illik audit hesabatında bildirilir.
Dövlət şirkətinin enerji satışından gəlirləri 1 mlrd. 685.26 milyon manat olub, bu isə keçən illə müqayisədə 8.4% azalma deməkdir (2022: 1 mlrd. 840.56 milyon manat).
“Azərenerji”nin ümumi əməliyyat xərcləri 1 mlrd. 447.27 milyon manat təşkil edib, bu isə 2022-ci ildə qeydə alınmış 1 mlrd. 400 milyon manatdan 3.38% yuxarıdır.
Yanacaq xərcləri 0.35% artımla 809.24 milyon manat, köhnəlmə və amortizasiya xərcləri 2.2% artımla 278.52 milyon manat, işçi xərcləri 31.35% artımla 104.81 milyon manat, təmir və texniki xidmət xərcləri 6.12% artımla 113.13 milyon manat olub.
Əməliyyat mənfəəti 244.76 milyon manat olmaqla, 2022-ci ildəki 451.68 milyon manatdan 45.79% azdır.
Beləliklə, “Azərenerji”nin 2023-cü il maliyyə hesabatında ümumi gəlirləri və mənfəəti əhəmiyyətli dərəcədə azalıb, buna səbəb, əməliyyat xərclərinin artmasıdır. Əlavə olaraq dövlət şirkətinin audit hesabatı öncəki illərdən fərqli olaraq müfəssəl deyil və cəmi 7 səhifədən ibarətdir. Bu da şirkətin borcları və onların hansı valyutada olmasına dair müqayisə imkanını məhdudlaşdırır.
2023-cü ildəki xalis mənfəət “Azərenerji”nin yığılmış zərərinin 2 mlrd. 164.74 mln. manatdan 1 mlrd. 994.39 milyon manata düşməsinə gətirib çıxarıb.