15 C
Baku
Saturday, April 20, 2024

“Azad edilmiş ərazilərdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər sosial sığorta haqlarını 100% geri alacaqlar”

Dövlət başçısı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda, Miqrasiya Məcəlləsində və Əmək Məcəlləsində dəyişikliklər edilib. Burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması, sığortaedənlərin xərclərinin minimum səviyyəyə endirilməsi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin həmin ərazilərə cəlb olunmasıdır.

Bu barədə Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə ATV kanalı ilə DVX-nin birgə layihəsi olan “İqtisadi zona” proqramında danışıb.

Onun sözlərinə görə, “Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, rüb ərzində sığortaedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edən sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məbləği 10 il müddətində dövlət büdcəsindən:

  • 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faiz;
  • 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faiz;
  • 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faiz;
  • 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faiz miqdarında subsidiyalaşdırılacaq.

Muzdlu işçisi olan sahibkarlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özlərinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur. Həmçinin “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində qeyd edilən fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” alınarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 10 il müddətinə 100 faiz subsidiyalaşdırılacaq.

Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsindən subsidiyalaşdırılması dövlət və neft-qaz, həmçinin qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılara şamil edilməyəcək.

Son xəbərlər
Digər xəbərlər