Təyyarələr 2018-2020-ci illərdə alınacaq.
AZAL yeni “Boeing”lər alır. “Azərbaycan Hava Yolları” (AZAL) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti “Farnborough Airshow – 2016” aviasalonu çərçivəsində aparıcı aviatikinti şirkətləri ilə mühüm razılaşmalar əldə edib.
QSC-nin prezidenti Cahangir Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniyada “Farnborough Airshow – 2016” beynəlxalq aerokosmik salonunda iştirak edib. Tədbir çərçivəsində Azərbaycan tərəfi “Boeing”, “İlyuşin”, “Antonov” və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparıb.
“Boeing” şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd “Boeing 737 MAX”təyyarəsinin tədarükü, sözügedən layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilib.
Həmin gün “Ukrayna aviatikinti şirkəti” Korporasiyasının Şura rəhbəri Mixail Qvozdev və “Antonov” dövlət müəssisəsinin Prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda “Аn-178” nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələsi keçirilib.
Cahangir Əsgərov və “İlyuşin Finans Ko.” şirkətinin baş direktoru Aleksandr Rubtsov arasında “МC-21” təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb.
Qeyd edək ki, iyun ayında tərəflər 10 yeni “МС-21” orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalayıb. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub.
Bu görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan “Аn-124-100” (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalanıb.
“”Аn-124-100 (Ruslan)” təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək. Son 10 il ərzində biz Heydər Əliyev Beynəlxalq Hava Limanını yük aviadaşımaları üzrə böyük nəqliyyat qovşağına çevirmişik. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Biz sərnişin aviadaşımaları sahəsində də bu uğurları qazanmaq üçün bütün səyləri göstəririk”, – Cahangir Əsgərov bildirib.