-1 C
Baku
Sunday, December 15, 2024

Azalan əhali və gender problemi: Çin demoqrafik böhranın astanasında

Paradoksal səslənsə də, 40 il öncə əhalinin çoxluğundan əziyyət çəkən Çin, bu gün onun azlığından şikayətlənir. Ümumi əhali sayı 1,4 milyarda çatan ölkədə doğum sayının azalması kritik həddə çatıb. Belə ki, ümumdünya göstəricilərinə əsasən, reproduktiv yaşda olan hər bir qadının payına təxminən 2,5 uşaq düşməli olduğu halda, bu rəqəm Çində son illərdə 1,3 ətrafındadır. Doğum nisbətinin acınacaqlı vəziyyəti xroniki problemə çevrilməklə yanaşı, sürətlə qocalan əhalininin əmək bazarına, dolayısıyla qlobal iqtisadiyyata təsiri artmağa davam edir. Əhalinin yaş strukturunda cavan təbəqənin intensiv şəkildə azalması və yuxarı yaş qrupuna aid fərdlərin çəkisinin sürətlə artması əmək bazarında işçi qüvvəsinin çatışmazlığına və vergi ödəyicilərinin sayının azalmasına səbəb olur. Doğum nisbətində müşahidə edilən kəskin azalma tendensiyası ölkə əhalisinin sayının əvəzetmə nisbətinin böhran səviyyəsinə çatmasıyla nəticələnib. 2020-ci ildə ictimaiyyətə açıqlanmış ümumölkə statiskasına əsasən, ölkə əhalisinin təbii artım indeksi bütün dövrlərlə müqayisədə ən aşağı həddə çatmışdır. Qeyd edək ki, reqressiv yaş strukturuna görə artıq Çində yaşı 60-dan yuxarı olan insan sayı ümumi əhalinin 20%-dən çoxunu təşkil etməyə başlayıb. Cavan təbəqənin cəmiyyətdə xüsusi çəkisinin kəskin azalmasıyla da Çin, dünya miqyasında ən çox sayda yaşlı əhaliyə sahib ölkələrindən birinə çevrilib.

Yaş kontingentində və doğum nisbətində tarazlığın pozulması Çinin qlobal dominantlığının qarşısında duran ən böyük əngəllərdən biri halına gəlib. 1980-ci illərdə yaşları 20-dən çox olan əhali indikindən 3 dəfə çox olmuşdur və bu da öz növbəsində, o dövrdə Çinin iqtisadi transformasiyasını tamamlamasında böyük rol oynamışdır. Ölkənin o illərdə sahib olduğu gənc və dinamik işçi qüvvəsinin potensialı hesabına ölkəboyu irimiqyaslı modernizasiya və iqtisadi inkişaf layihələri uğurla həyata keçirilmiş, eyni zamanda, qlobal əmək bazarına dövrün digər sənaye gücləri ilə müqayisədə daha ucuz işçi qüvvəsi çıxarılmışdır ki, bu da Çinin dünya sənayesinin lokomotivinə çevrilməsinə şərait yaratmışdır. Lakin son onillikdə əhali sayının ixtisara uğraması, habelə gənc nəslin azalmasıyla baş verən dramatik dəyişikliklər, mövcud iqtisadi şərtlərin yenidən formalaşmasına, bazarda tələb və təklifin dəyişməsinə, dolayısıyla əmək haqlarının artmasına səbəb olmuşdur.

Əvvəlki illərlə müqayisədə, iqtisadi artım tempi zəifləmiş Çində demoqrafik problemlərin həllinə yönəlik bir sıra yeni qaydaların tətbiqinə başlanılmışdır. İlk olaraq, 1980-ci ildən bütün ölkədə tətbiq edilən tək uşaq siyasəti, 2016-ci ildən etibarən ləğv olunmuş və hər ailənin maksimum iki uşaq sahibi olmasına icazə verilmişdir. Birdən çox uşaq sahibi olmağın qarşısını almaqdan ötrü 40 ilə yaxın bir müddətdə müxtəlif cəzalar tətbiq edilmiş, külli miqdarda cərimələr ödənilmiş, bir uşaq sahibi olan qadınlar məcburi abortlara və ya qısırlaşdırılmağa məcbur edilmişdir. Misal olaraq, 2014-cü ildə Çinin tanınmış kinorejissorlarından biri olan Gan Yimo (Zhang Yimou) uzun illər dövlətdən gizlətdiyi üç uşağından ötrü 1.2 milyon ABŞ dolları həcmində cərimə olunmuşdu. Birdən çox uşaq sahibi olduqları aşkar edilən dövlət qulluqçuları və dövlətə bağlı təşkilatların əməkdaşlarının işlərinə xitam verilirdi. Bundan başqa, təyin edilmiş cəriməni ödəməkdən imtina edən valiyenlərin uşaqları heç bir dövlət qurumu tərəfindən rəsmi olaraq qeydiyyata alınmır, hüquqi müstəvidə varlığı tanınmır, dolayısla ən zəruri sosial xidmətlərdən belə məhrum edilirdilər.

Tətbiq edilmiş qaydalar sərt görünsə də, əhalisinin sayı cəmi 30 il içində (1949-1980) az qala iki dəfə artmış (540 milyon nəfərdən 970 milyon nəfərədək) ölkədə görülə biləcək başqa tədbir yox idi. Təxmini hesablamalara görə, tək uşaq siyasətinin nəticəsi olaraq 400 milyondan çox doğuşun qarşısı alınıb. Kənd ailələrinə, əgər birinci uşaq qızdırsa, ikinci uşağı dünyaya gətirmələrinə icazə verilirdi. Bundan başqa, şəhərdə yaşayan valideynlərin hər ikisi tək uşaqlı ailədən gəlirdisə, ikinci övlada sahib olmalarına göz yumulurdu. Etnik azlıqların da birdən çox uşaq sahib olmalarına qadağa qoyulmamışdı. Əhali artımını önləmək üçün görülən tədbirlər doğum nisbətinin nəzarətdə saxlanılması baxımından uğurlu hesab edilsə də, sonda yaş-cins strukturunda böhranın yaşanmasına şərait yaradıb. Tək uşaq siyasəti çərçivəsində valideynlərin ənənəvi olaraq oğlan uşaqlarına üstünlük verməsi, kişi cinsinin çoxluq təşkil etdiyi cəmiyyətin yaranmasına səbəb olub. Gender bərabərsizliyinə görə dünyanın öndə gələn dövlətlərindən biri olan Çində 30 milyondan çox kişi evlənməyə qadın tapa bilməyəcək hala gəlib.

Digər tərəfdən, ailə büdcəsinin təkcə bir uşağın ehtiyaclarına və inkişafına xərclənməsi, tək uşaqlılığın müsbət cəhəti hesab edilirdi. Ailənin tək uşağı, cinsindən asılı olmayaraq keyfiyyətli təhsil alma imkanına sahib olub ki, bu da sonrakı illərdə qadınların iqtisadiyyatdakı çəkisinin artmasına təsir edib. Tək uşaq siyasətinin qüvvədə olduğu illərdə böyümüş nəsil də çox uşaqlılığın tərəfdarı deyillər. Bir uşağa sahib olmağın maddi cəhətdən daha əlverişli olması az uşaqlılığın cəlb edici tərəfi kimi görünür.

Təbii artım tempinin azalan xətlə davam etməsiylə yanaşı, nikaha daxil olma yaşının ilbəil artması da genofond üçün əlavə problemlər yaradır. Belə ki, 20 il əvvəl orta evlilik yaşı 23 idisə, bu rəqəm artıq 29 olub. Çində mövcud sosial-iqtisadi şərait ümumi vəziyyətə təsir edən faktorların başında gəlir. Ölkə miqyasında geniş yayılmış “996” konsepsiyası cavanların vaxtlarının böyük hissəsini işləməklə keçirməsinə deyilir. Səhər saat 9-dan axşam saat 9-a qədər, həftənin 6 günü işləmək mənasına gələn “996” sosial tendensiyası iş həyatının ağırlığına bariz nümunədir. Keyfiyyətli təhsilin ucuz və ya bir qisim üçün ümumiyyətlə əlçatan olmaması, sürətli urbanizasiya nəticəsində ölkə əhalisinin böyük hissəsinin (64%) şəhərlərdə məskunlaşmasıyla astronomik sürətlə artan daşınmaz əmlak qiymətləri və yüksək kirayə haqqları, sosial təminat sisteminin kövrəkliyi, korporativ həyatda hamilə və ya hamiləliyə hazırlaşan qadınların dəstək görməməsi, atalıq məzuniyyətinin verilməməsi kimi hallar genofondla bağlı katastrofik mənzərənin formalaşmasına təsir edir. Bütün sadalanan amillər nikaha daxil olmaq istəyən cütlüklərin və ya birdən çox övlad sahibi olmaq istəyən valideynlərin qabağında duran ən böyük bariyerlərdir.

Qlobal işçi qüvvəsinin 20%-dən çoxuna malik Çinin əmək bazarında yaranmış işçi defisitinin qarşısını almaq üçün mərkəzi hökumət emal sənayesinin avtomatlaşdırılması prosesininə daha çox diqqət ayırır. Hal-hazırda dünya üzrə sənaye sahəsində istifadə edilən robotik texnikanın üçdə biri Çinin payına düşür. Aktiv işçi qüvvəsinin azalması ölkəboyu rəqəmsallaşmanın geniş yayılmasını və Pekinin son onillikdə böyük əhəmiyyət verdiyi innovasiya iqtisadiyyatının formalaşmasını intensivləşdirir. Alibaba, Tencent və bənzəri texnologiya nəhəngləri kütləvi rəqəmsallaşma prosesinə hər il milyardlarla dollar investisiya qoyur.

BMT-nin açıqladığı son rəqəmlərə görə, 2035-ci ildə Çin yaşlı əhalinin sayına görə pik həddi yaşayacaq və bu da ölkədə təkmilləşdirilməsi zəruri olan pensiya sistemini çətin vəziyyətə salacaq. Ölkədə son 40 ildə dəyişməyən pensiya yaşının da (hazırda kişilər üçün 60, qadınlar üçün isə 55-dir) artırılacağı elan edilib. Yeri gəlmişkən, vətəndaşların pensiya və sağlamlıq xidmətlərinin təmini baxımından Çin inkişaf etmiş ölkələrdən xeyli geri qalır. Üçüncü uşağa icazə verilməsiylə bağlı müzakirələr aparan hakim partiya, əhalinin çoxalması üçün iki və ya daha çox uşaq dünyaya gətirilməsinin təşviq edilməsiylə yanaşı, sosial müdafiənin gücləndirilməsi istiqamətində effektiv və çoxşaxəli proqramların da icrasına başlamağı planlayır. Ailə planlamasının düzgün aparılması ilə bağlı tədbirlərin artırılacağı, körpə qayğı/inkişaf mərkəzləri və uşaq bağçalarının sayının çoxaldılacağı, o cümlədən, vergi sistemində radikal islahatların aparılacağı, özəl və dövlət sektorunda işləməsindən asılı olmayaraq hamiləlik yaşında olan qadınlar üçün əlavə imtiyazların veriləcəyi və ən əsası, şirkətlərin özünə bununla bağlı vergi güzəştlərinin tətbiq ediləcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər