10 C
Baku
Thursday, December 12, 2024

AzerGold: “Çovdar” və cinah yataqları hesabına ümumi satıla bilən qızıl ehtiyatı bazası 4 dəfədən çox artırılıb

“Çovdar” və cinah yataqları hesabına ümumi satıla bilən qızıl ehtiyatı bazası 4 dəfədən çox artırılmaqla sahənin istismar müddəti 2020-ci ildən 2029-cu ilədək uzadılıb”.

Banker.az xəbər verir ki, bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Z.İbrahimov bildirib ki, Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir: “2016-cı ildə “Çovdar” qızıl yatağında satılabilən qızıl ehtiyatı 179 min unsiya hesablanmışdı. Bu hesabla mədəndə fəaliyyət 2020-ci ildə yekunlaşmalıydı. Lakin biz 2017-ci ildə hasilata başlamaqla yanaşı, uğurlu optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində mədənin satılabilən qızıl ehtiyatını 609 min unsiyaya çatdırdıq. Həmçinin, geoloqlarımız tərəfindən “Çovdar” yatağının cinahlarında “Mərəh” və “Ağyoxuş” yataqlar qrupu kəşf edildi. Eləcə də ötən əsrin 80-ci illərində Göygöl rayonunda potensial filizləşmə zonası kimi müəyyən edilmiş, lakin son dövrlərdə məhz geoloqlarımız tərəfindən geniş tədqiq edilmiş “Tülallar” qızıl yatağı hesabına satılabilən ümumi qızıl ehtiyatı 778 min unsiyaya çatdırıldı. Bununla “Çovdar” və cinah yataqları hesabına ümumi satılabilən qızıl ehtiyatı bazası 4 dəfədən çox artırılmaqla sahənin istismar müddəti 2020-ci ildən 2029-cu ilədək uzadıldı”.

QSC sədri əlavə edib ki, dağ-mədən fəaliyyəti bərk filiz süxularının hasilatı əsasında qurulub: “Bu filizlərin xüsusiyyətlərini nəzərə almaqla biz kəşfiyyat işlərini davamlı olaraq həyata keçiririk. Nəinki hasilatdan əvvəl, hətta hasilat dövründə də biz kəşfiyyatla bağlı fəaliyyətimizi davam etdiririk. Həmin bərk filiz süxurlarının yerin altında hansı istiqamətdə yerləşdiyini təyin edərək, qızıl ehtiyatı balansının optimallaşdırılmasına nail oluruq”.

Son xəbərlər
Digər xəbərlər