®“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin sədri, Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerli sakinlərlə görüşüb.
Görüş “AzerGold” QSC-nin hazırda layihə üzrə intensiv tədqiqat işləri həyata keçirdiyi “Ortakənd” qızıl, o cümlədən “Göydağ” mis-porfir və “Başkənd” mis sahələrinin yaxınlığında yerləşən Xanəgah kəndində təşkil edilib.
KSM çərçivəsində sözügedən kəndin sakinləri ilə ilk dəfə keçirilən görüşün əsas məqsədi fəaliyyət zonasına yaxın ərazilərdə yaşayan vətəndaşlarla yaxından tanışlıq, onları sahələrin istismarına hazırlıq işləri barədə məlumatlandırmaq, yerli icmaların sosial ehtiyaclarını müəyyənləşdirmək və növbəti il üçün hazırlanan sosial tədbirlər planına daxil etməkdir.
Xəyyam Fərzəliyev “AzerGold” QSC tərəfindən 2018-ci ildən geoloji tədqiqata cəlb edilən “Ortakənd” yatağının Naxçıvan Muxtar Respublikasında istismarına hazırlıq işləri görülən ilk qızıl yatağı olduğunu bildirib. KSM Komitəsinin sədri hazırda yataq üzrə qiymətli metalların hasilat metodologiyasının müəyyənləşdirildiyini, optimal emal texnologiyasının tətbiqi istiqamətində işlərin aparıldığını kənd sakinlərinin diqqətinə çatdırıb. Önümüzdəki illərdə istismara verilməsi nəzərdə tutulan “Ortakənd” qızıl yatağı, o cümlədən hazırda geoloji tədqiqat mərhələsində olan digər sahələrdə hasilat və istehsalat fəaliyyətinin təşkili ilə ölkəmizin, xüsusilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına əlavə töhfələrin verilməsi, bölgədə məşğulluğun səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da gücləndirilməsinin əsas hədəflərdən biri kimi qarşıya qoyulduğu qeyd olunub.
Görüşdə Səhmdar Cəmiyyətinin bu günə qədər hasilat və istehsalat fəaliyyəti zamanı sosial məsuliyyətlilik prinsipi əsasında müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatlar verilib, sakinlərin sosial ehtiyacları ilə bağlı müraciət və təşəbbüsləri dinlənilib, nəzərə alınması üçün qeydiyyata alınıb.
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının yerli icra orqanlarında da görüşlər keçirilib, QSC-nin bölgə ilə bağlı planlaşdırdığı layihələr müzak irə olunub.
Qeyd edək ki, KSM Komitəsi tərəfindən Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi bölgələrdə yerli sakinlərlə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.