“Ölkəmizin qeyri-neft sektoru üzrə ixracatçı dövlət subyektləri sırasında ön pillərdə qərarlaşmaq, sahə üzrə davamlı iqtisadi inkişafa müsbət təkan vermək məqsədilə “AzerGold” QSC ötən dövrlərdə olduğu kimi, 2024-cü ilin ilk 7 ayı ərzində də fəaliyyətini uğurla davam etdirib”.
Banker.az xəbər verir ki, bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Qeyd olunub ki, QSC istismar fəaliyyəti apardığı Daşkəsən rayonunda yerləşən bir hasilat sahəsində yanvar ayından iyuladək 34.7 min unsiya qızıl, 57.7 min unsiya gümüşün hasilatını həyata keçirib: “Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatında 49 % artıma nail olunub”.
Z.İbrahimov bildirib ki, cari ilin ilk 7 ayı ərzində 25.8 min unsiya qızıl, 46 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib: “Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl satışında 1% artım qeydə alınıb. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə 19% daha çox olmaqla 103.8 milyon manat gəlir əldə edilib”.
İdarə Heyəti sədri əlavə edib ki, 2024-cü il üçün hasilat hədəfimiz ötən illə müqayisədə 10%, satış hədəfimiz 3% artırılaraq, 70 min unsiyaya çatdırılıb.
“Bugünədək qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir isə 1 milyard 292 milyon manatı ötüb. Vəsaitin 1 milyard 231 milyon manatını ABŞ dolları ekvivalentində ixrac gəlirləri, 61 milyon manatını isə daxili satışlardan əldə edilmiş gəlirlər təşkil edir”, – deyə Z.İbrahimov qeyd edib.